“Ölkəmizdə saxlanılan erməni separatçıların bütün hüquqları tam təmin olunur”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov bildirib ki, vəkillər həmin şəxslərə nəinki dövlət hesabına, hətta müqavilə əsasında da hüquqi yardım göstərirlər.
“Bu, onu göstərir ki, müstəqil Azərbaycan vəkilliyi kimliyindən asılı olmayaraq, hər kəsin konstitusion və beynəlxalq hüquqa əsaslanan hüquqlarını təmin edir. Törədilən əməlin ictimai təhlükəliliyindən, ağırlığından asılı olmayaraq, hər kəs hüquqi yardımla təmin olunur.
Azərbaycanda istənilən şəxs keyfiyyətli hüquqi yardımla təmin olunmasına cəmiyyətimizlə yanaşı, beynəlxalq ictimaiyyət də şahid oldu. Bununla bağlı hər hansı şikayətə rast gəlməmişik. Həmin şəxslərin qohumları, beynəlxalq təşkilatlar tərəfindən hansısa bir narazılıq yoxdur. Əksinə beynəlxalq təşkilatlar məmnunluq ifadə edirlər.
Hər kəs görür ki, Azərbaycan vəkilləri öz peşə borclarını vəkil andına uyğun olaraq yerinə yetirir”, - deyə A.Bağırov qeyd edib.