“Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə söylənən arqumentlərin hamısı bəhanədir”.
Bunu oxu.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, əsas səbəb ölkəmizin daxili və xarici siyasət məsələlərində sərbəst hərəkət etməsidir:
“Azərbaycan suverən hüquqlarını daima qoruyur və heç bir ölkənin təsiri altında fəaliyyət göstərmir. Ölkəmiz özünün milli maraqlarına uyğun olaraq hərəkət edir və şübhəsiz ki, bu da Avropanın bəzi siyasi dairələrini heç də razı salmır. Bəzi ölkələr Azərbaycana qarşı qərəzli siyasətini gizlətmirlər. Bunlardan biri də Fransadır.
AŞPA çoxdandır bir neçə ölkənin təsiri altındadır. Təsadüfi deyil ki, səsvermədə bir çox ölkələrin nümayəndə heyəti iştirak etmədi. Çünki onlar ölkəmiz əleyhinə səs vermək istəmirlər. Amma Avropa strukturlarından da çox asılı olduqları üçün lehinə də səs verə bilmədilər”.
Deputat bildirib ki, fevralın 7-də ölkəmizdə növbədənkənar keçiriləcək prezident seçkisinə AŞPA tərəfindən nümayəndə dəvət edilməməsi ilə bağlı onların narazılıq etməsi qəribədir:
“Azərbaycanın kimi dəvət edib-etməməsi öz hüququndadır. Müşahidəçilər olmadan da xaricdən siyasi qüvvələr seçkiləri onlayn və ya media vasitəsilə izləyə bilərlər. Belə bir narazılığı bildirməkdə məqsəd Azərbaycanı ciddi təzyiq altında saxlamağa cəhd etməkdir. AŞPA-da nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etməklə böyük səhvə yol verdilər və ölkəmizlə körpüləri təmiz yandırdılar.
Sözsüz ki, müəyyən dövrdən sonra Azərbaycan əleyhinə gedənlər ölkə rəhbərliyinə çıxaraq, əlaqələrin bərpa edilməsini xahiş edəcəklər. Çünki ölkəmizi itirməklə Şərq dünyasına təsirlərin azalması deməkdir. AŞPA-nın Azərbaycanla münasibətlərini korlaması regionda təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq. Azərbaycan da suverən hüquqlarına uyğun olaraq, AŞPA ilə bundan sonrakı münasibətlərini hərtərəfli qiymətləndirmə hüququna malikdir”.