Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı ilə bağlı Azərbaycan tərəfinin haqlı iradlarına baxmayaraq, heykəl hələ də əvvəlki vəziyyətdədir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edib. Məktubda baş vermiş vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi onun səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir.
Lakin meriya bu məktubu hələ də cavablandırmayıb, səfirliyin telefon zənglərinə isə cavab verilmir. Məsələ ilə bağlı Fransa XİN-ə göndərilən Nota da cavabsız qalıb.
Güman etmək olar ki, Fransa tərəfi baş vermiş biabırçılıqdan sonra vəziyyətdən necə çıxacağını hələ də bilmir və süni yolla məsələni uzadır.