Gürcüstanın Azərbaycandakı səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.
“Bakıda mebel sexində insan ölümü ilə nəticələnən partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - qeyd edilib.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.