Xarici işlər naziri Ceyhun Bayramov 30 dekabr 2023-cü il tarixində Fransa tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona-non-grata elan edilmiş Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, nazir səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib.
Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib.
İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.