Prezident İlham Əliyevin Qarabağ Universitetinin yaradılması haqqında imzaladığı sərəncam çox mühüm və vaxtında verilmiş qərardır. Uzun illər təhsil sahəsində, auditoriyada çalışan müəllim kimi deyə bilərəm ki, Qarabağ Universiteti Azərbaycanın xüsusi təhsil göstəricilərinə tam cavab verəcək. Böyük ali təhsil müəssisəsi olacaq.
Median.Az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Xankəndi Pedaqoji İnstitutunun rektoru olmuş, professor Raqub Kərimov deyib.
Onun sözlərinə görə, iki ay içində universitetlə bağlı sərəncamdan irəli gələn məsələlər həll olunmalıdır: "Düşünürəm ki, müxtəlif yerlərdə elan vermək lazımdır, kimlər təhsilini Qarabağda davam etdirmək istəyirsə, buyursun. Əvvəla universitetin statusu müəyyənləşməlidir. Fakültə və ixtisaslar müəyyən edildikdən sonra Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrə müraciət edilsin. Hesab edirəm ki, bu ən mühüm siyasi hadisə olacaq. Biz çalışmalıyıq ki, vətənimizə gedib məskunlaşaq. Ən böyük arzum budur ki, qismət olsun heç olmasa gedib orada bir gün dərs keçim. Ümumiyyətlə Qarabağa hamı getmək istəyər. Gənclər hamısı deyir ki, biz fəxrlə Qarabağda təhsilimizi davam etdirərdik. Bu fürsətdən istifadə edib, bizim gəncləri ora toplamaq lazımdır. Mən hətta qurban kəsərəm ki, gedib orada işləyim".
Professor qeyd edib ki, əvvəla məskunlaşıb, sonra fəaliyyətimizə başlamalıyıq: "Universitet fəaliyyətə başladıqdan sonra biz artıq xariclə də əlaqədə olacağıq. İşimizi qurandan sonra bütün bunların hamısı avtomatik gerçəkləşəcək".
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır.
Sərəncamda qeyd edildiyi kimi, Qarabağ Universiteti Xankəndidə yerləşən ali təhsil müəssisəsinin əsasında yaradılacaq. Xankəndidə isə yeganə ali təhsil ocağı Xankəndi Pedaqoji İnstitutu olub. Qeyd edək ki, bu institut sovet dövründə Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub.