Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı Xarici İşlər Nazirliyində mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.
Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı məcburi köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə “Real” Televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib.
Alman nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra, bildirib ki, o, bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib.
Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakının mənzərə restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.
Əldə etdiyimiz məlumata əsasən, Almaniya nazirinə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də, o, bu görüşdən imtina edib.
Almaniya naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.