Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz prezident və parlament seçkiləri keçirməsini boykot etməyə çağırıb.
Türkiyənin Xarici İşlər Nazirliyindən APA-ya verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür:
“Bu addım beynəlxalq hüququn, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır”.
Açıqlamada daha sonra qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili sülh yolunu və eləcə də, davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür:
“Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən, ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik.
Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.