ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan yanvarın 28-30-da Cenevrədə keçirilən görüşün yekunu ilə bağlı birgə bəyanat yayıblar.
Median.Az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirak etdiyi görüşdə üç gün ərzində tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda sənəddə nazirlərin yaxın zamanda yenidən görüşməyə razılaşdıqları qeyd olunub.