Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən “Zed nəsli” yetişir.
Median.Az report-a istinadən xəbər verir ki, bunu Prezident Adminstrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, bu nəsil qloballaşma və postmodernizm dövrünü təmsil edən ilk rəqəmsal nəsildir:
“Onların həyata və dünyaya baxışları internetə qədərki dövrün nəsillərindən köklü surətdə fərqlənir. Onlar üçün internetdən və rəqəmsal texnologiyalardan istifadə sadəcə həyat tərzidir. Onların təhsilə münasibəti, özlərini ifadə üsulları da köklü şəkildə fərqlənir. Bu isə təbii olaraq təhsil sistemində də köklü dəyişiklilləri, yeni yanaşmaları şərtləndirir”.
PA rəsmisi qeyd edib ki, bu baxımından sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək:
“Artıq bu gün gələcəyin bilik cəmiyyətinə xas olan təhsil sisteminin əlamətləri özünü göstərir. Müasir texnologiyaların tətbiqi, yeni hədəflər, təhsil müəssisələrində çevik təhsil mühitinin formalaşdırılmasını, təhsilin adi xidmətə çevrilməsini, fərdləşməsini, biliklərin qiymətləndirilməsini və süni intelektdən isitifadəni şərtləndirir”.
O vurğulayıb ki, istənilən vaxt, istənilən yerdə ucuz və keyfiyyətli kütləvi təhsili əlçatan edən onlayn və distant təhsil ən vacib kəşflərdən biri hesab olunur:
“Passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır və bu tipik təhsil modelinə çevriləcək. Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq.
Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək”.
S.Yusifova bildirib ki, informasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz xarakter alacaq:
“Big dataların toplanması təhsildə fərdi yanaşmanı gücləndirəcək və tanış təhsil formatları yeniləri ilə əvəz olunacaq, diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək, biliklərin qiymətləndirilməsi üçün testlər aktuallığını itirəcək.
Onların vərdiş və müəyyən səlahiyyətlərinin olmasını təsdiq edən qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet sistemləri əvəzləyəcək. Bilik verən müəllimləri təhsildə motivasiya verən, vərdişləri ötürən mentorlar əvəz edəcək. Biliklərin inteqrasiyası və tətbiqi təcrübəsinə keçid baş verəcək”.
“Gələcək təhsil işə götürənlər ilə işə götürülənlər arasında distansiyanı da aradan qaldıracaq”- deyən müdir müavini əlavə edib ki, təhsil xidmətləri bazarı daha çevik olacaq:
“Akademik və texnoloji mühitin sintezi baş verəcək. Böyük koorporasiyalar dövlətin vasitəçiliyi olmadan müəyyən peşə və vərdişləri sifariş verəcək. Kollektiv internet tələb olunan təşkilatla peşəkar birliklər yaratmaqla ənənəvi universitetlərə rəqabət təşkil edəcək. Yeni transmilli əmək bazarı formalaşacaq. Gələcəkdə elektronika fizika, biokimya proqramlaşdırma kimya sahələrinə təlimat olacaq. Data mühəndislik, big data mütəxəsisləri, data elmi üzrə kadrlara kvant alqoritmləri üzrə mütəxəssislər nylon şəbəkələri memarları kimi peşələr gələcəkdə adi məhfumlara çevriləcək.
Yeni qiymətləndirmə modelinin cəmiyyət tərəfindən necə qəbul edilməsi ilə yanaşı, həm də qərarvermə prosesinə tədris proqramlarının metodologiya tətbiqinə də təsir göstərəcək. Yeni metodların axtarışı, innovasiyaların tətbiqi sabahın bilik cəmiyyətinə daha da yaxınlaşmasına imkan verəcək”.