Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya silahlarını almağa hazır olduğunu açıqlayıb.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva açıqlama verib.
Bildirilib ki, Azərbaycan KTMT ölkələri ilə sıx hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq qurub:
“Xüsusilə, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığı qeyd etmək istəyirəm”- deyən Leyla Abdullayeva, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 30-da Rusiya Müdafiə naziri Sergey Şoyqu və noyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüşündə ölkələr arasında 2020-ci ildə hərbi əməkdaşlığı müzakirə etdiyini bildirib.
“Lazım gələrsə, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər”, - deyə o, əlavə edib.
Daha əvvəl, Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti”yə verdiyi açıqlamada, rəsmi Bakının Rusiya silahlarının tədarükü ilə bağlı yeni müqavilələr bağlanılmasında maraqlı olduğunu, detalların müvafiq idarələr tərəfindən razılaşdırılacağını bildirib.
Dövlət başçısının sözlərinə görə, Rusiyadan Azərbaycana silah tədarükü üçün artıq başa çatmış müqavilələr beş milyard dollar dəyərində qiymətləndirilir.