Həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun.
Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib onu “Heydər Əliyev” ordeni ilə təltif edərkən deyib.
“Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır.
İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk.
Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar.
Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər”, - deyə dövlət başçısı vurğulayıb.