İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində sayca 64-cü, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə bütün Avropanın diqqətini cəlb edən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən yarışma hazırda birbaşa olaraq İTV-nın efirində canlı yayımlanır. Bu gecə 18 ölkənin təmsilçiləri finala vəsiqə qazanmaq üçün mübarizəyə başlayıb.
Bu gün ki ikinci yarımfinalda Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan çıxış edəcək.
Yuxarıda qeyd edilən ölkələr ilə yanaşı həmçinin böyük beşlik ölkələrindən Böyük Britaniya, İtaliya, Almaniya təmsilçiləri ifalarını təqdim edəcəklər.
Bununla yanaşı gecəni daha da yadda qalan və rəngərəng etmək üçün“Shalva Band” musiqi qrupunun ifası təqdim olunacaq, eləcə də illuzionçu Lior Suxard mistik şousunu sərgiləyəcək.
Nəzərinizə çatdıraq ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.
Ötən gün münsiflər heyəti artıq öz səslərini bu gün çıxış edəcək iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir.
Bukmeykerlərin proqnozlarına əsasən, ən çətin və gərgin mübarizə məhz ikinci yarımfinalda yaşanacaq. Birinci yarımfinaldan fərqli olaraq, ikinci yarımfinalda təmsilçilərin ifa və səhnə şousu baxımından güclü olması buna zəmin yaradıb.