MGP-nin dəstəyi ilə ərsəyə gələn, artıq 14 ildir televiziya məkanının ən baxımlı və bahalı statusunu qoruyub saxlayan “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin final mərhələsinə zəkası, iradəsi və gücü sayəsində addımlayan üç məşhur - aparıcı Lalə Mustafayeva, müğənni Ramal İsrafilov və aparıcı Suna Kasımoğlunun Oxu.Az-a verdikləri özəl müsahibələri təqdim edirik:
- Özünüzü necə hiss edirsiniz?
Ramal İsrafilov: “Yalandan deyim, yoxsa doğrudan? Əslində pisəm. Əllərim, ayaqlarım qırılır. Gündəlik təlabatlar var ki, onları ödəyə bilmirik. Ayaq yoluna gedə bilmirik. Suyu, çayı qurtum-qurtum içirəm. Nə yeyiriksə, çox az miqdarda yeməyə çalışırıq ki, birdən aləm bir-birinə dəyər (gülür). Kənardan çox asan görünür, lakin heç də belə deyil. Məsələn, əvvəl dörd-beş nəfər qalanda öz əlinin üstünə əlini, başını da qoya bilirdin, bir az avtomobilə söykənə bilirdin. Bu gün yalnız bizə icazə veriblər ki, maşına söykənmiş vəziyyətdə duraq. Əl iki saat tərpənmədən qalmalıdır. Yəni həqiqətən çətindir. Düşünürdük ki, rahat uzanarıq, yatarıq, amma inanın ki, sadaladıqlarıma həsrət qalmışıq. Dəhşətli bir mübarizədir. Qadın, kişi fərq etmir. İnanın, hər üçümüz mübarizə aparırıq. Psixoloji zarafatlar edib, təzyiq göstəririk, qələbəni heç kəslə bölüşmək istəmirik. Hamı “mən, mən və yalnız mən” deyir. Mən də onlarla razıyam. Necə özüm qalib olmaq istəyirəmsə, eləcə də Suna ilə Lalə avtomobili qazanmaq istəyirlər. Hamımız yalandan deyib, gülüb, danışsaq da, çox çətindir. Çalışıram ki, xanımlar arasında özümü sındırmayım. İnanın ki, buradakı hər iki xanım həm fiziki, həm də psixoloji cəhətdən çox güclüdürlər. Kənardan Lalənin zəif olduğu təsəvvürü yaranır. Amma qat-qat güclüdür. Elə Suna da ondan geri qalmır. Lalə fiziki cəhətdən bəlkə də güclü deyil, amma mənəvi cəhətdən çox güclüdür”.
Lalə Mustafayeva: “Hərdən pis, hərdən isə yaxşı. Hərdən yuxulayıram, hərdən ayılıram”.
Suna Kasımoğlu: “Hazırda özümü yaxşı hiss edirəm. Hələ ki ciddi bir problemim yoxdur. Çalışacağam, əlimdən gələni edəcəyəm ki, sona kimi qalıb, avtomobili evimə aparım. Yenə də qismətə bağlıdır”.
- Maşında ən güclü rəqibiniz kim idi?
Lalə Mustafayeva: “SMS baxımından güclü Kəmalə Piriyeva idi. Amma sağlamlıq və fiziki göstəricilər baxımından qadınlardan sözsüz ki, Suna Kasımoğlu. Kişilərdən isə əgər Ramal İsrafilov bu mərhələyə qədər gəlibsə, deməli, ən güclü odur.
Suna Kasıoğlu: İştirakçılar ən güclü rəqib kimi mənim adımı çəkirlər. İnanın ki, mənim enerjim tükənməz. Çünki mən fiziki cəhətdən çox güclüyəm, çünki idmanla məşğul oluram. Bu güc məsələsi deyil. Avtomobil ətrafında durmaq psixolojidir. Güc baxımından danışsaq, ayağım da, qolum da şişməz. Amma burada beynində “avtomobil sənin olacaq” fikri ilə irəli getməlisən. Məsələn, Lalə deyir ki, “tamaşaçılardan üç dəfə səs aldım, deməli, onlara borcluyam, qalib gəlməmiş oyunu tərk edə bilmərəm”. Bunu deməklə o məndən daha qüvvətli olduğunu bildirir. Fiziki cəhətdən mən güclü olsam da, Lalə psixoloji cəhətdən qat-qat mən və Ramaldan güclüdür”.
- “Maşın”da qalib gəlmək üçün nələri qurban vermək lazımdır və nələri qurban verdiniz?
Lalə Mustafayeva: “Etiraf edim ki, sağlamlığımı boş-boşuna qurban verdim. Çünki çalışdım ki, rola girməyim. Necə var idimsə, elə idim. Amma nədənsə məni oyunda düzgün qəbul etmədilər. Yenə də halal xoşları. El gücü, sel gücü. Tamaşaçılar məni düz üç dəfə xilas etdilər. Şou boyunca mənə prodüser Tarix Əliyev (Tolik) və müğənni Rəqsanə İsmayılova çox dəstək durdular. Anam Rəqsanəyə yazıb, təşəkkürünü bildirib. Mənim şouda qalibiyyətimi gözləyən çox insanlar var, xüsusilə mənə bu üç gündə son qəpiyinə kimi pul xərcləyən tamaşaçılar. Mən onların etimadlarını son gücümə kimi doğrultmağa çalışacağam. O qədər sadəlövh idim ki, heç kəsi oyundan çıxartmadım. Düşünürdüm ki, hər şey yaxşı olacaq. Kəmaləni hədəf kimi görmədim. Hətta onu üçlükdə görürdüm. Dedim ki, mən, Kəmalə və Ramal üçlükdə qalacağıq. Amma Kəmalə mənim şəklimi üç dəfə qutuya atdı. Hər atdığında da deyirdi ki, bu, təsadüfdür. Sonda isə açıqladı ki, hədəfim Lalədir. Mən də canlı efirdə söylədim ki, təsadüfən üç dəfə şəkil atılmır. Əgər atılırsa belə, finala gedən yolda məni hədəf seçmək düzgün deyil. Kamələ mənə qarşı bir neçə dəfə səhv addımlar atdı. Canlı efir bitəndən sonra əlimi sıxıb “təbrik edirəm, sən finaldasan” söylədi. Səhər bizi hoteldən olduğumuz bu məkana gətirəndə dedi ki, “yox, bu sənə aid deyil”. İlk gündən məni təkləyiblər. Burada tək mübarizəmi aparıram”.
Suna Kasımoğlu: “Burada iştirakçılara hər zaman “mənim üçün şoudan kənardakı həyat daha önəmlidir” deyirdim. Etik dərəcədə oynamağı hamıdan xaiş edirdim. Burada xarakterin analizi gedir. Mənim də şoudan çıxdıqdan sonra görüşüb-görüşməyəcəyim iştirakçılar var. Yarışmada hamı öz xarakterini ortaya qoyur. 16 gün ərzində dəyişmədən yarışdım. Zəka da böyük faktordur. Amma ondan necə istifadə edəcəksən, bax bu da şouda çox önəmlidir. İnanın səmimiyyətimə, oyunda yaşananlar şoudan kənardakı həyata çox təsir edir”.
- Hansı iştirakçının oyundan çıxması sizi yandırdı və ləzzət etdi?
Lalə Mustafayeva: Müğənni Fuad Musayevin oyundan çıxması məni çox yandırdı. Fuad qurban getdi. O, bu şouda qalmalı idi. Eləcə də aşıq Namiq Fərhadoğlu ilə, müğənni Aysun İsmayılovanın gedişi məni çox yandırdı. Aysun da oyunda qurban gedənlərdən oldu. Aysun çox yaxşı qızdır. Mən Aysunu şouda özüm üçün yenidən kəşf etdim. Hətta dedim ki, Rəqsanə İmsayılovaya (red: Rəqsanə Aysunun qızıdır) halaldır. Kəmalə Piriyevanın oyundan getməsi isə sözün əsl mənasında mənə ləzzət elədi. İki dəfə tribunaya çıxdım və iki dəfə də imkan yarandı ki onu oyundan çıxarım. Ona dedim ki, “ay qız sakit dur, sən mənim hədəfim deyilsən”. O isə sakit durmadı. Mən ondan yaşca böyüyəm, buna rəğmən canı efirdə təhqiredici formada “ağlaya-ağlaya SMS dilənirsən” dedi. Günorta ona başa saldım ki, insanları təhqir etməmək üçün mən ağlayıram. Kəmalə isə hər şeyi səhv başa düşdü”.
Suna Kasımoğu: “Fatma xanımın oyundan çıxması mənə ləzzət elədi. Onu oyundan çıxartmağı heç zaman ağlımdan keçirtmirdim. Həm də o xanım heç kimin hədəfində olmadı. O isə buna inanmadı. Fatma xanım oyundan çıxmamışdan öncə buranı neqativ enerji ilə doldurdu. O Ramala qarşı hədsiz dərəcədə hörmətsizlik etdi. Onunla yaxşı münasibətdə olduğunu göstərdi, sonra da gedib başqa iştirakçılara Ramal haqqında xoşagəlməz sözlər danışdı. Fatma xanımın buradan getməsi hamını rahatladı. İnanın ki, o burada yaşına uyğun hərəkətlər və davranışlar göstərmirdi. Bu isə kənardan çox pis görsənirdi”.
Ramal İsrafilov: “Türkanın oyundan çıxması mənə şok yaşatdı. Lalə də ki, sağolsun sözünü deyib onu oyundan çıxartdı. Aşıq Namiq Fərhadoğlunun oyundan getməsi isə mənə ləzzət elədi. Yaxşı oğlandır, amma dəxli olmadan çox danışırdı”.
- Aşıq Namiqdən söz düşmüşkən, o, şounu tərk etdikdən sonra “gərək şərəfini satasan ki, avtomobilə sahib olasan” kimi qalmaqallı açıqlama verdi. 50 min manatlıq avtomobilə görə, şouda şərəfini kim satdı?
Ramal İsrafilov: “Pişiyin əli ətə çatmayanda deyir ki, iylənib. Nə istəyir, qoy, danışsın. Əsas odur ki, şou mənim, Lalənin və Suna xanımın mübarizəsi ilə davam edir. Namiq yaxşı şeirlər öyrənsə də, aşıq deyil. Namiq təfəkküründə heç kəs mənə çata bilməz. Mən özüm aşıq nəvəsiyəm. Adı aşıq olsa da, bir dənə də aşıq mahnısı bilmir. Deyirəm ki, aşıq mahnısı oxu, “üç badam, bir qoz” mahnısı oxuyur. Mənə deyir ki, 400 tələbəm var. Heyif olsun o 400 tələbəyə. Onlar aşıq musiqisini necə təbliğ edəcəklər? Namiqi ciddi bir aşıq kimi qəbul etmirəm. Söz baqajın varsa, o demək deyil ki, sən aşıqsan. Toylarda, el şənliklərində kimisə əyləndirə bilərsən, amma söhbət əsl sənətə gələndə ortaya daha qlobal şeylər çıxır. Aşığın sözü ilə barəbər, gərək sazı da dillənsin. Namiq ancaq “kitayskiy” aşıq ola bilər. Amma əsl aşıq ola bilməz. O ki qaldı 50 min manata görə, şərəf satmağa, bu çox ağır məsələdir. Bu cür sözləri dilinə alanların elə özlərinə aiddir. Bu söz çox ucuzdur”.
Lalə Mustafayeva: “İnanın səmimiyyətimə, oyunda “şərəfini” satan oldu. Biri yox, ikisi yox, üçü yox... Çoxları şərəfini satdı. Veriliş boyu çalışdım, Ramalı qoruyam. Çünki şou başlayandan burada onu vurmaq istəyirdilər. Mən isə buna yol vermirdim. İstəyirdim ki, o sona kimi qalsın. Səhhətim imkan verməsə, çox istəyirəm maşını Ramal udsun”.
- Söz ustası Aqşin Fateh “oynayırsızsa, kişi kimi oyun aparın” deyərək, bir çox iştirakçıları qıcıqlandırıb, əsəbiləşdirirdi. Şouda “kişi kimi” oyun aparan kim idi?
Lalə Mustafayeva: “Anam müsahibə verərkən deyib ki, mənim qızım min kişiyə dəyər. Kişilik cinsiyyətlə ölçülmür, insan dürüst olmalıdır. Çalışdım, oyunda dürüst oyun nümayiş etdirim”.
- Müğənni Nazim Pişyari Oxu.Az-a özəl müsahibəsində Aqşinin ara qızışdırdığını, oyunda iştirakçıların arasında nifaq saldığını bildirdi. Suları bulandıran yalnız Aqşin idi?
Ramal İsrafilov: “Söz aparıb-gətirənlərin başında Aqşin dururdu. Mən bu insanı tanımırdım. Aqşinin simasını görəndə, zənn etdim ki, çox ciddi bir oğlandır. Amma şouda elə bir şeylə rastlaşdım ki, dilim ağzımda qurudu. Adamın bəlli yaşı var, tanınmış söz ustadısan, camaat səni ciddi bir insan kimi kənardan tanıyır, amma hərəkətlərində yanlışlığa yol verirsən. “Maşın” insanları bir-birinə yaxşı tanıtdırır. Onu burada yaxşı tanımadım. O elə bir yaşdadır ki, bundan sonra onun yaxşılığa doğru dəyişməsi və düzəlməsi mümkün deyil. Sabah başqa bir mötəbər bir layihə olar və ya dostlar arasında bir söhbət olar, gedib orda da söz aparıb, söz gətirsə heç nə... “Şoudan çıxandan sonra kimlə qəti şəkildə görüşmək istəməzdin” kimi suallar səslənəndə dərhal yada Aqşin düşür. Elə hamı onun adını çəkir, bu isə çox şeydən xəbər verir. Niyam da ki öz ab-havasındadır. Hərənin bir cür xarakteri var. Səbrli, dözümlü olan qələbə çalır.”
Lalə Mustafayeva: Nazim haqlıdır. Amma təkcə Aqşin deyildi. Təkcə onun üstünə atmasınlar. Sadəcə, o, özünü oda atan, önə çəkən idi. Sanki burada qışqırıb, bağırmaqla digər iştirakçıları əlinin ovucunda, qorxu içində saxlamaq istəyirdi. Bu kimi xüsusiyyətlər Aqşində var idi. Amma o, səhv etdi”.
- Avtomobili qazanmaq üçün finalda nə etmək lazımdır?
Suna Kasımoğlu: “16 gün ərzində yemək yemirəm. Yəni çox az miqdarda qida qəbul edirəm. Şouya gələndən beş kilo arıqlamışam. Əgər finala qalıramsa, hazır olmalıyam. Yeyib, içən iştirakçılara baxım heyrətlənirdim. Fikirləşirdim ki, bu yarışmada hamı final mərhələsini düşünməlidir. Amma bütün bunlara rəğmən, hamının ağzı işləyirdi. Yedikcə yeyirdilər. Yeməklə bağlı mənim heç bir problemim yoxdur. Sıfır dərəcəsində. Yeməsəm də olar”.
Lalə Mustafayeva: “Tövsiyə ediblər ki, tum çırtlayım. Başlamışam tum çırtlamağa. Suyu isə çay qaşığı ilə içirəm. Səhər bişmiş bir ədəd yumurta, bir tikə çörək və bir bananın yarısını yemişəm. Aclığım, susuzluğum, yuxusuzluğum var. Hələ ki gücüm var, burada duracağam”.
- Müğənni Türkan Vəlizadəni oyundan kənarlaşdırmağınız söz-söhbətlərə səbəb oldu. Canlı efirdə isə onun sizə hədə-qorxu gəldiyini söylədiniz. Amma Türkan şou haqqında müsahibə verərkən, ona şər atdığınızı bildirdi. Lalə ilə Türkanın arasında nələr yaşanır?
Lalə Mustafayeva: Mən Türkana şər atmıram və kiməsə şər atan xanım da deyiləm. Bu yaşa çatmışam, elə şeylərə əl atmamışam. Mənim Türkana hörmətim var. İlk gündən də ona “gəl əl-ələ verək, sən, mən və Ramal finala gedək” deyə, dəfələrlə müraciət etmişəm. O mənə güvənmədi, inanmadı. Şouda da məndən uzaq durmağa çalışırdı. Ona nəsə də deyəndə deyirdi ki, dinləyirəm amma öz bildiyimi edirəm. Əvvəldən nə o mənim, nə də ki mən onun şəklini atmayacağımızı öz aramızda danışmışdıq. Amma buna rəğmən o mənim şəklimi qutuya atdı. Bu da dərd yarı, guya o, mənə efirdən öncə şəklimi atacağını deyib. Amma belə bir şey olmayıb. Burada hayasızlıq edib, qışqırıb-bağırıb ki, “sən mənə bu cür olacağını deməmisən”. Anladım ki, əgər doğma bildiyim insan bunu edibsə, demək ki, sabah başqalarının əli ilə yenə məni vura biləcək. O ki qaldı dostluq münasibətlərinə, mən Türkana dost demişəm. Öncələr tanıdığım Türkan, indiki kimi deyil. Şouda altı iştirakçı qalanda o, məni oda atdı.
Oyundan müğənni Niyam Səlamini çıxartmaq istəyirdim. Hətta izləyicilər mənə Suna Kasımoğlunu çıxartmağı yazırdılar. Onu da oyundan uzaqlaşdırmağı düşünürdüm. Amma sonda Türkanın Ramala “Bu qız nə danışır” deməsindən başa düşdüm ki, o, əsla mənim dostum əsla deyil. Eyni zərbəni dost dediyim aktyor Məcid Hüseynovdan gördüm. Günorta şou zamanı Məcidin mənə “az, ey sən sus!” kəlməsindən anladım ki, artıq insanlar mənə qarşı qruplaşıb. Hazırda şouda dost deyəcəyim insan yoxdur. İlk gündən təkəm. Sadəcə öz gücümə, köməksiz və dəstəksiz dayanıram burada. Amma mənim dostum xalqımdır, məni sındırmayan, ayaqda durmağa kömək edən Allahımdır”.
- Xalq artisti Fatma Mahmudovanın avtomobildən əlini götürüb, öz xoşu ilə oyundan çıxması söz-söhbətlərə səbəb oldu. Şoudan çıxmasının günahını sizdə (red:Ramal) gördü. Hətta şounu tərk edəndən sonra o, “balaca gədə oyunda aləmi qatdı bir-birinə” dəyərək sizi bir çox məsələlərdə ittiham etd. Ramal ilə Fatmanın arasında nələr yaşanır?
Ramal İsrafilov: Bura bir oyundur. Gərək hər bir iştirakçı oyun zamanı özünə hörmət qoymağı bacarsın. Bir sözlə, öz simasını qoruyub saxlasın. Üçlüyə kim qalıbsa, demək səbəbsiz deyil. Fatma xanım burada qala bilməzdi. Bu şərtlərə heç cavan və gənc olan dözmür, o ki qaldı Fatma xanım dözüb, qalsın. Deməli, zamanında, vaxtında çıxıb. Heç kəs onu çıxartmadı. Buradan çıxan, özü öz torbasını tikib çıxıb. Fatma xanım səkkiz-doqquz gün can dediyi, ürək verdiyi, analıq, bacılıq, dostluq göstərdiyi hər şeyin, hər kəsin üstündən xətt çəkib, çıxdı. Bu xanım şounu tərk etdikdən sonra, xoşagəlməz açıqlamalar verdi. Mən o qadından bunları gözləmirdim. Çünki biz bir-birimizə başqa cür bağlanmışdıq. İnsan yenə də özünü büruzə verir. Adam var kim olduğunu bir ilə büruzə verir, adam var üç günə. Yaxşı gəlmişdi, sonda artıq məni başqalarına dəyişdi. Digər iştirakçıların sözünü mənə gətirib çatdırırdı”.
Biz bilirdik ki, üstümüzdə mikrofon var, hər şeyi danışmaq, açıqlamaq olmaz. Hər dəfə o xanım ağzına nalayiq söyuşlər alıb, dilə gətirəndə, əlimi mikrofonun üstünə qoyub, ona xəbərdarlıq edirdim. Amma bunu bir-iki gün başa düşsə də, sonra yenə də öz bildiyini edib, biədəb söyüşlər işlədirdi. Keçirdi Niyamın yanına, iştirakçıları söyürdü, onları təhqir edirdi. Murad Dadaşov isə yaxınlaşıb deyirdi ki, üstünüzdə mikrofon var. Buna görə də o əlini götürüb “Maşın”dan çıxdı, getdi. Siz heç bilmirsiniz o Zümrüdü burada necə biabır edib, onu hansı söyüşlərlə təhqir etdi. Amma Zümrüd xanım öz qabilliyətini və böyüyə olan hörmətini nümayiş etdirib, ona cavab vermədi. Fatma xanımın şou ərzində işlətdiyi söyüşlər tarixə yazılmamış söyüşlərdir. O qadın burada hörmət saxlamadı. İştirakçılar arasında pərdəni çox pis şəkildə götürdü. Xalq artisti, böyük sənətkar Afaq Bəşirqızı ilə onu yanbayan qoymaq həyatı boyu olmaz. O, dahi sənətkarın yanında rollar alıb. Görünür ki, Afaq xanım nələrisə onun haqqında bilib, elə məhz bu səbəbdən Fatma xanımı yanından uzaqlaşdırıb. Ondan qəlbim çox qırıldı”.
- “Necə oldu ki, Suna Kasımoğlu səsverməyə çıxmadı?” sualı altında söz-söhbətlər artmaqda davam edir. Bu cür qalmaqalların və intriqaların içində Suna bunu necə etdi?
Suna Kasımoğlu: İştirakçıların özləri məni finala layiq gördülər. Bəlkə də bu etdiyim yaxşı işlərə görədir. Ötən gün həyat yoldaşım və uşağım da mənə eyni sualı verdi. Burada hamı ilə mehriban münasibət saxladım. Zənn edə bilərlər ki, hamı ilə yaxşı münasibət saxlamağım bir taktikadır və ya oyunumun bir hissəsidir. Amma bu əsla belə deyil. Hamının üzünə baxıram, kimi çıxarım? Mehribanlıq olanda, heç kəs mənə səs vermədi. Amma Kəmalənin tribunaya çıxdığı gün, düşündüm ki, hədəfi mənəm. Buna isə çox hazırlanmışdım. Kəmalə özü də səsini çıxarmamışdı. Həqiqətən də mənim adım çəkilmədi. Qutuya şəklim atılsa da, mən yaxşı niyyətimə görə finala çıxdığıma inanıram. Çox pozitiv yanaşıram, çünki içim müsbətdir”.