Başlayan gündən etibarən tamaşaçıları ekrana kilidləyən, reytinqləri alt-üst edən, ölkənin ən bahalı realiti şousu “Maşın”ın qonağı bu dəfə media nümayəndələri olub. Dəyəri 50 min manatlıq “Opel İNSİGNİA” avtomobili uğrunda qızğın mübarizə aparan məşhurlar jurnalistlərin suallarını cavablandırıblar.
“Maskarad”da sağ göstərib sol vuran, söz aparıb-gətirən, ara qızışdıran iştirakçıların sayı yetərincə oldu.
“Oyunçılar arasında simasını itirən kim oldu?” sualını 9 məşhur bu cür cavablandırdı:
Müğənni Niyam Səlami: “Burada elə bir iştirakçı oldu ki, şou bitəndən sonra real həyatda o mənim dostum belə ola bilməz. Ad çəkmirəm. Simasını itirdiyini deyə bilmərəm, amma xarakterinə bələd oldum. Xarakterimizə uyğun olmayan insan var idi. Ona “salam” verə bilsəm də, “dost” ola bilmərəm”.
Aparıcı Zümrüd Qasımova: “Şouda çıxan iki insanı həyatım boyu bir də danışdırmayacağam. Ad açıqlamaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, birinci və ikinci gün mənə çox pis zərbə vurdu. Əsəblərimi korladı, səhhətimə təsir etdi və məni stressə saldı. Digər şəxs isə bir neçə gün sonra əsl üzünü mənə göstərdi. Onların heç biri ilə üzləşmək istəməzdim”.
Aparıcı Suna Kasımoğlu: “Neqativlər haqqında danışmaq istəməzdim. Amma burada dəyər qazandığım məqamlar da var. Şouda və ya şoudan kənarda yaxşı dost deyə biləcəyim insanlar oldu. Yatmaqdan savayı, iştirakçılarla hər dəqiqə birlikdəyik. Onlar arasında gözəl xarakterə sahib olan insanları tanıdım. Əgər bu çətin şərtlərlə simasını itirmədilərsə, xarakterlərini dəyişmədilərsə, demək həqiqətən də onlara dost demək olar. Onlarla oyundan kənarda belə, dost olacağam. Ramal və Zümrüd burada mənim ən yaxın dostlarımdır”.
Müğənni Ramal İsrafilov: “İştirakçıların çoxu ad açıqlamadılar. Amma düz oyun apardığım kimi sualınızı düz və açıq şəkildə cavablandıracağam. "Maşın" şouda Aqşini tanıdım. Çox kinlidir, nə ağlı var, nə bir şeyi, söz aparıb-gətirəndir. Burada azart var. Sevgi, dostluq, rəqabət hamısı bir-birinə qarışır ona görə də, aləm dəyib. Heç kim bir-birinə inanmır. Ona görə də bundan sonra susmayacağam, danışacağam”.
Xalq artisti Fatma Mahmudova: “Mənə kənardan deyirlər ki, sən şouda danışanda 5 xanımın üzündə xoşagəlməz ifadə olur. Belə olmamalıdır. Mən yaşda bütün iştirakçılardan böyüyəm. Dilimə elə bir söz almamışam ki, kimsə mənimlə oyunda bu cür rəftar etsin. Burada kimsə danışıb, fikirlərini izah edirsə, ağız büzməyin nə mənası var? Mən adam çıxardan olsaydım, əlimə düşən o iki şansdan istifadə edib, oyundan kənarlaşdırardım. Bu da mənim taktikam idi. Oynadım da, mən oyun oynadım. Heç kimin xətrinə və qəlbinə dəymədim”.
O ki qaldı oyunda söz aparıb-gətirən iştirakçılara, bir səslə oyunçular hələ də belə bir şəxsin şouda olmasını təsdiqlədilər.
Müğənni Aysun İsmayılovanın şouda sağ göstərib sol vurması müzakirələrə səbəb olub. Belə ki oyunda hədəfinin aktyor Məcid Hüseynov olduğunu bildirən Aysun, səs toplamayıb şounu tərk etdikdən sonra, əslində hədəfinin aparıcı Kəmalə Piriyeva olduğunu açıqlayıb. Aparıcı isə ifaçının bu açıqlamasını bu cür şərh edib:
“Aysunun məni çıxaracağını gözləmirdim. Çünki şoudan öncə məni bu barədə rahatlaşdırıb, inandırmışdı. Ona görə də sakit idim. Bilsəydim, danışardım, susmazdım. Hətta şouda ona yaxın olan Türkan Vəlizadədən Aysunun hədəfinin mən olduğumu soruşsam da, o bunu inkar etdi".
İştirakçılara ünvanlanan “9 gündür ki realiti şoudasız. Evdən, yaxınlarınızdan kənardasız. Burada ola-ola ən çox nə üçün darıxırsız?” suallardan biri oldu.
Aparıcı Zümrüd Qasımova: “Maşın sürmək üçün çox darıxmışam”.
Xalq artisti Fatma Mahmudova: “Heç kim üçün darıxmamışam”.
Müğənni Türkan Vəlizadə: “Ailəm üçün darıxmışam”.
Aparıcı Suna Kasımoğlu: “Bizə deyirlər ki, maşından əlinizi çəkin, sərbəstsiz. Hətta bunu belə eşidəndə əlimizi çəkə bilmirik. Bura çox alışmışıq”.
Aktyor Məcid Hüseynov: “Axşam yatanda belə əlimizi yastığa qoyub yatırıq. Səhər durub görürsən ki, əl tərpənməyib, yerindədir”.
Müğənni Niyam Səlami: “Hər şey üçün darıxıram. Çöl üçün, sərbəstlik üçün. Burada deyə bilmərəm ki, şouda biz tam sərbəstik. Məsələn, bu gün səhər saat altının yarısı yatmışam. Mən, Məcid, Fatma xanım, Ramal səhərə kimi deyib-gülmüşük. Burada bir-birinin xətrini istəyən iştirakçılar qalıb. Onlar arasında rahatlıq var. Amma bu rahatlığın içində çətinlik də var. Telefonlarımız əlimizdən alınıb. Burada sanki həbsdəyik (gülür)”.
Daha bir sual Məcidlə aşıq Namiq Fərhadoğlu arasında şounun sonunda yaranmış qalmaqalla bağlı oldu. Belə ki Məcidin Namiqi oyundan kənarlaşdırdığı zaman aşığın “balalarının canına and vermişdin ki, məni çıxartmayacaqsan” ifadəsi tərəfləri üz-üzə qoydu. Oyunda yaşananları Məcid bu cür şərh etdi:
“Namiqlə sağollaşanda belə normal sağollaşdım. Onunla birgə müsahibə də verdik, zarafatlaşıb, halallaşdıq da”.
Şou zamanı Niyam Səlami ilə Ramal İsrafilovun barışması gözlərdən yayınmadı. Hazırda münasibətlərinin necə olmasını tərəflər bu cür şərh etdilər:
Müğənni Niyam Səlami: “Biz bu şouda düşmən olmağa gəlməmişik. Əgər mənə düşmənlik yarışmasının olduğunu söyləsəydilər, təbii ki, gələn kimi oyundan Ramalı çıxarardım. Burada insanın xüsusiyyəti dəyişə bilər, amma xasiyyəti yox. Bu, Ramalın böyüklüyüdür. Mən ondan bu jesti gözləmirdim. İlk gündən yaxınlaşıb salam verdi. “Salam” sözünə ağız büzə bilməzdim, uzanan əli geri çevirə bilməzdim”.
Ramal İsrafilov isə həmkarı Niyam Salami ilə barışığını şeir ilə şərh edib. Şeirdə “nakişi” sözünün olmasına qarşı tərəfdən cavab reaksiyası gəlib:
“Bizim aramızda nakişi söhbətlər olmayıb. Elə buna görə də barışmağa üzümüz oldu”.
Daha sonra Niyam şounun ən qalmaqallı iştirakçısı söz ustadı Aqşin Fateh və onun oyunu haqqında fikirlərini səsləndirib:
“Aqşin Fatehi qınamıram. Şouda ilk dəfə iştirak etdiyinə görə ona nədəsə güzəştə getmək olar. Amma ki, insanı qıcıqlandırmağı gözəl bacarırdı. O da onun oyunda apardığı özünəməxsus bir taktikası idi. Burada heç kim deməsin ki, güclü və zəif iştirakçı var. Sən xalqın nümayəndəsisən. Çıxıb xalqın önündə elə bir kəlmə işlədə bilərsən ki, o sənə baha başa gələr. Selin qabağında heç kəs dayana bilməz. Məsələn, Aysun İsmayılova çox yaxşı qızdır. O da ilk dəfə idi ki, şouya qatılırdı. Həyəcanı gözlərindən oxunurdu. Amma rahat idi. Elə rahat da buranı tərk etdi”.