Ötən gecə “Maşın” realiti-şousunda lazımi qədər səs toplamayıb oyundan kənarlaşan müğənni Fuad Musayevin həmkarı Ayan Babakişiyeva ilə aralarında yaşanan qalmaqal müzakirələrə səbəb olub.
“Maskarad”da Fuadın Ayanı ittiham etməsi Babakişiyevanı kədərləndirib.
Ayanın “Fuadı çox yaxşı tanıyıram”, - deməsi isə tamaşaçıları təəccübləndirib.
Fuad Musayevin Ayanın keçmiş əri Füzuli Musayevin qardaşı oğlu olmasından xəbər tutan izləyicilər onun bu yolla Babakişiyevadan intiqam aldığını iddia ediblər.
Nəticədə isə şounun tamaşaçıları Fuadın getməsinə səs verərək, Ayanın verlişdə qalmasını təmin ediblər.
Bütün bunlarla bağlı Oxu.Az-ın əməkdaşı müğənni Fuad Musayevlə əlaqə yaradıb.
O, açıqlamasında Ayanla heç bir probleminin olmadığını iddia edərək qalmaqallı olaya bu cür reaksiya verib:
“Ötən gecə həm biz, həm də tamaşaçılar qızğın və mübarizə dolu bir oyun izlədilər. Maşında hələ bu cür intriqalı oyun olmamışdı. Ayan Babakişiyeva şouda yaranmış qruplaşmalardan birinə başçılıq edir. Təbii ki, mən də başqa bir qruplaşmanın üzvləri arasında idim. Öz aramızda danışıb, qərarlaşdırmışdıq ki, Aşıq Namiq Kərim Abbasovu çıxartmalıdır. Elə də oldu. Çünki Kərim də Ayanın qrupunda idi. Ötən gecə isə qrupun rəhbəri Ayanı oyundan kənarlaşdırmağı qərara aldıq. Düşündük ki, qrupun başçısını vursaq, get-gedə qrup dağılacaq”.
Ayanla qohumluq əlaqələrinin olduğunu təsdiqləyən Fuad, oyunda qruplaşmalar arasında söz aparıb-gətirən şəxsi “iş verən, agent” adlandıraraq, gizli qalan məqamları açıqlayıb.
“Ayanla bizim qohumluq əlaqələrinin olmasını doğrudur. Amma mən şəxsi məsələri oyuna əsla qatmadım və qatmaram da. Oyunda gözlənilmədən elə hadisələr yarandı ki, hamı düşündü ki, mən Ayandan acıq çıxıb, qisas alıram. Bu, əsla belə deyil. Sadəcə bizim ağılsızlığımız onda oldu ki, qrupumuza yoxlamadan bir nəfəri əlavə edib, onun yanında Ayanı çıxaracağımızı söylədik. Həm bizə, həm də Ayanın qrupuna işləyərək, söz aparıb-gətirdi. Onlar da günortadan bəri bilirdilər ki, hədəf Ayandır. Əfsuslar olsun ki, “işverənin” adını hələ çəkə bilmərəm. Çünki maraqsız olar. Ancaq cinsinin kişi olduğunu əminliklə deyə bilərəm”.
Sənətçi redaksiyamızın əməkdaşı ilə söhbətində Ayan Babakişiyeva ilə qohumluq əlaqələrini qabartmasında prodüser Tolikin rolunun olduğunu bildirirək, “Füzüli mənim əlimlə eks həyat yoldaşı Ayandan qisas alır” iddiasına da cavab verib:
“Mənim Ayanla qohum olduğumu ortaya ötən gecə prodüser Tolik atıb. O, “İnstagram”da paylaşım edərək bütün müğənnilərdən mənim oyundan getməyimə səs istəyib. İzləyicilərdə isə elə təəssürat yaranıb ki, Füzüli mənim əlimlə eks həyat yoldaşı Ayandan qisas alır. Övladlarımın canına and içirəm ki, bu, belə deyil. Sadəcə bir oyun idi”.
Fuad müsahibəsində keçən həftə başına gələn oğurluq məsələsini də yada salaraq, evini qarət edən qonşu qızı bağışladığını, lakin ona dəymiş 18 min manatın hələ də geri qaytarılmamasını bildirdi:
“Qızın anası ağlayaraq mənə zəng vurub, üzrxahlıq etdi. Kiminsə sözünə qulaq asıb, özünü bəlaya saldı. O qızın balaca uşağı var. Anası gözü yaşlı qalıb. Mənim ürəyim bunlara dözmür. Ona görə də onu bağışlamağa qərar verdim. Ümid edirəm ki, bütün bunlardan sonra o qız bir də bu cür əməlləri törətməz və düz yola istiqamətlənər. O ki qaldı mənə dəymiş 18 min manatlıq ziyana, evimə girənlər kasıblardır. Pula ehtiyacı olduğundan yəqin ki, o pulu artıq xərcləyiblər. Amma bu barədə heç bir xəbərim yoxdur. Bildiriblər ki, 18 min manat hissə-hissə mənə qaytarılacaq”.