Qarabağ qazisi Kamil Musavi Suriyada terrorçuları təmizləyən türk əsgərlərinə dəstək verib.
Baku.ws-in məlumatına görə, Kamil Musavi video müraciətində canının qalan hissəsini Türkiyə uğrunda fəda etməyə hazır olduğunu bildirib.
“Türk qardaşlarım Afrində haqq döyüşü aparır, haqq uğrunda savaşırlar. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsir. Mən bir Azərbaycan qazisi, türk oğlu olaraq qardaşlarıma səslənirəm. Ayağımı və gözümü doğma torpaqlarımız, Qarabağımız uğrunda fəda etdiyim kimi canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizi qorusun, güc, qüvvət versin”, - Kamil Musavi bildirib.
Onun bu video müraciəti sosial şəbəkələrdə çox sayda izləyici tərəfindən bəyənilib və paylaşılıb.
Qarabağ qazimiz 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.