Azərbaycanın müsəlman, yəhudi, xristian ruhani liderləri dünyaya birgə müraciət ediblər.
Median.Az xəbər verir ki, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin imzaları ilə “NewsWeek”də dərc edilən “Qarabağın gələcəyi naminə inam vəhdəti” adlı müraciətdə qeyd olunur:
“Biz müxtəlif dini etiqadlara mənsub olsaq da, Azərbaycan hamımızın ölkəsidir. Dünyanın şahid olduğu Azərbaycanla Ermənistan arasındakı münaqişəyə başqaları necə don geydirmək istəsələr də, dini mahiyyət daşımır, Azərbaycan da “müsəlman işğalçısı” kimi beynəlxalq nağılların parçası deyil. Ölkəmiz çoxdinli, çoxmillətlidir, burada firavan aşkenazi yəhudiləri icması, yalnız bizə məxsus nadir dağ yəhudiləri icması, habelə katolik, ortodoks, erməni xristian məzhəbləri mövcuddur. Hətta islam təkcə bir qolu ilə təmsil olunmur, vətəndaşlarımız arasında sünnilər də, şiələr də var. Ermənistan isə sadəcə xristian ölkəsidir”.
Müraciətdə Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarında çoxdinli mühitin məhv olduğu göstərilir:
“Əvvəllər məscidlərlə yanaşı, erməni və rus ortodoks kilsələrinin də bərq vurduğu Dağlıq Qarabağda bu gün yalnız erməni kilsələri açıqdır. Digər ibadətgahlar mənimsənilib, zədələnib, yaxud uçurulub. Azərbaycan isə kilsə, sinaqoq, məscidlərin bir şəhərdə dinc şəkildə tam əhatəli fəaliyyət göstərə bildiklərini nümayiş etdirir.
Azərbaycanın təklif etdikləri Dağlıq Qarabağda bu gün yaşayanları çıxartmaq yox, oradan daha əvvəl çıxarılmış olanları geri qaytarmaqdan ibarətdir. Ölkəmiz qanuni sərhədlərin içərisində müxtəlif dinlər, mədəniyyətlər, millətlərlə birlikdə dinc şəkildə yaşamaq istəyənlər üçün muxtariyyət imkanı təklif edir”.//report.az