Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Bişkek şəhərində anım mərasimi keçirilib. Tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi ehtiramla yad edilib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin və terror qurbanlarının ruhuna dualar oxunub. Birliyin sədri Əzizağa Əliyev, Bişkek şəhərindəki Azərbaycan məscidinin müftisi Mərifət Şirinov və Qazaxıstanın Çu şəhərindəki Azərbaycan məscidinin müftisi Saleh Qasımov çıxış edərək Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, ermənilərin törətdikləri qanlı cinayətləri, terror aktlarını şiddətlə qınayıblar.
Qeyd edək ki, mərasimdə terror aktlarının ağır nəticələrinə dair 35-dən çox foto nümayiş etdirilib, şamlar yandırılıb, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.
Tədbirdə Azərbaycan icması ilə yanaşı, qazax, tatar, qırğız icmasının nümayəndələri də iştirak edib.