Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi tətbiq olunandan dərhal sonra Ermənistan öz çirkin əməllərini davam etdirib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.
İ.Əliyevin bildirib ki, Azərbaycan atəşkəs rejimi ilə bağlı sözünə sadiqdir:
“Ümid edirdik ki, atəşkəs rejimi elan ediləndən sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb. Təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək.
Təəssüf ki, biz bunu görmədik. Oktyabrın 10-da saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Bildiyiniz kimi ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib”.
Prezident qeyd edib ki, düşmən Gəncə şəhəri raket atəşinə tutub:
“Bunun nəticəsində mülki şəxslər həlak olub, yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistan havadarları və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək. Hər şey göz qabağındadır. Ermənistan dövləti terror, faşist dövlətidir. Bu insanlığa qarşı törədilmiş cinayətdir”.