“Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır”.
Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.
Dövlət başçısı bildirib ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq: “Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik”.
Azərbaycan Prezidentinin sözlərinə görə, bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil: “İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır”.
Prezident İlham Əliyev qeyd edib ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir: “Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik - dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq”.