Bakı Apelyasiya Məhkəməsində Ağcabədi rayon sakinləri Amin Kazımovun CM-nin 120.2.9 (aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 221.2.1 (xuliqanlıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə), 221.2.1-ci (xuliqanlıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunan Ozal Həsənov və İnsan Həsənovun barələrində olan hökmündən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, 2018-ci il martın 3-ü saat 21 radələrində Nizami rayon ərazisindən 3 saylı şəhər klinik xəstəxanasına bıçaq xəsarətləri ilə Bakı şəhər sakini Yaşar Məmmədov (1966-cı il təv.) daxil olub və orda kəskin qanitirmədən vəfat edib. Məlumat əsasında xəstəxanaya, ordan isə hadisə yerinə Nizami RPİ, 25-ci polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Şahid ifadələrindən məlum olub ki, cinayət Kamil Balakişiyev küçəsindəki 57№evin həyətində törədilib, hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.
Təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Q.Qarayev prospekti, ev 62 mənzil 33-də kirayəşin yaşayan Amin Kazımov (1993-cü il təv.) tərəfindən törədilməsi müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, martın 3-də Amin Kazımov kirayədə yaşadığı binanın həyətində avtomobilini, sakinlər tərəfindən düzəldilmiş yerdə yumasına görə qonşusu Yaşar Məmmədov ona narazılığını bildirib. Bunu bəhanə kimi istifadə edən Kazımov, vətəndaşların rahatlığını pozmaqla, Məmmədovun ünvanına yüksək səslə nalayiq sözlər işlədib, zor tətbiq etməklə bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə zərbələr endirib. Bununla kifayətlənməyərək təkrarən həmin gün saat 17:30-da həmkəndliləri Ozal Həsənov, İnsan Həsənov, istintaqa şəxsiyyəti məlum olmayan ”Cahangir” adlı şəxslə və qeyriləri ilə qrup halında yenidən həyətə gələrək, «xeyr-şər» evinin qarşısında ona xəsarətlər yetiriblər. İctimai qaydanın pozulmasının qarşısını almağa cəhd edən bina sakinləri İlham İbrahimov və Sahib Zeynalovun ünvanına söyüşlər söyüb, müxtəlif nahiyyələrinə zərbələr vurmaqla, qərəzli xuliqanlıq ediblər. Təxminən 3 saatdan sonra Amin Kazımov məsələyə təklikdə aydınlıq gətirmək üçün Yaşar Məmmədovla birlikdə Kamil Balakişiyev küçəsindəki 57 nömrəli evin qarşısına gedib və orda ondan üzr istəməsini tələb edib. Sonuncu bundan imtina etdikdə, Kazımov qanunsuz üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağın dəstəyi ilə əvvəl, Məmədovun sifət və baş nahiyyələrinə, sonra isə bıçağın deşici-kəsici hisssəsi ilə bədəninin həyat üçün vacib olan orqanlarına zərbələr endirib. Nəticədə, ümumilikdə 5 ədəd xəsarət yetirərək Yaşar Məmmədovu qəsdən həyatdan məhrum edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kazımov 18 il 10 gün, digər iki şəxs isə hər biri 1 il müddətinə azadlıqdan məhrum olunublar.
Hökmdən narazı qalan A.Kazımovun müdafiəçisi apelyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən apelyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.