Hacıqabul rayonunda qətl törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Natiq Ədilov və onun qardaşı, 1965-ci il təvəllüdlü Davud Ədilov, onların qardaşı oğlanları, 2000-ci il təvəllüdlü Nəcəf Ədilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Natiq Ədilovun qardaşı Habil Ədilov 8 avqust 2015-ci ildə həmkəndlisi Sərhəd Şirəliyev tərəfindən öldürülüb.
Hadisədən 1 il sonra öldürülənin oğlu Nəcəf Ədilovun qatil Sərhədin oğlu Cahangirlə birlikdə sonuncuya məxsus Hacıqabul rayonu, Kolanı kəndi ərazisində yerləşən evinə gedib. Bundan xəbər tutan Natiq Ədilov 18 avqust 2016-cı il tarixdə, saat 10 radələrində qardaşı Davud Ədilov və qardaşı oğlu Aqil Ədilovla birlikdə həmin evin həyətinə gəlib.
Nəcəflə Cahangirin sakit söhbət etdiklərini görən Davud Ədilov Cahangir Şirəliyevin ünvanına alçaldıcı və təhqiramiz ifadələr işlədib. Onların arasında mübahisə yaranıb. Natiq Ədilov, Davud Ədilov, qardaşı oğulları yetkinlik yaşına çatmayan Nəcəflə birlikdə Cahangir Şirəliyevi öldürmək qərarına gəliblər.
"Atamın qatilinin oğullarını görmək mənə pis təsir etdi"
Bu məqsədlə Ədilov qardaşları bıçaqla, qardaşı oğlanları isə daş parçaları ilə Cahangir Şirəliyevə hücum edib, onu çoxsaylı xəsarətlə öldürüblər.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Habil Ədilovu öldürən Sərhəd Şirəliyev 1934-cü il təvəllüdlü olub. Sərhəd Şirəliyev evində usta işləyən Habil Ədilovu pul üstündə mübahisə zəminində güllələyərək öldürüb.
Sərhəd Şirəliyev məhkum olunub, həbsxana həyatı yaşayır.
Hazırkı cinayəti törədən Davud Ədilov ali təhsillidir və cinayəti törədən zaman təqaüddə olub. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib.
İstintaq orqanı tərəfindən Natiq Ədilov, Davud Ədilov və Nəcəf Ədilov barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf Ədilov bildirib ki, 2016-cı il avqustun 16-da Sərhəd Şirəliyevin oğulları Cahangir və Mehman polis əməkdaşlarının iştirakı ilə onlarla görüşüblər: "Həmin vaxt xəbərdarlıq etdim ki, gözümə görünməsinlər. Avqustun 18-də, səhər heyvanları örüşə ötürdüm. Geri qayıdanda Cahangir Şirəliyevin qardaşı Cavanşir Şirəliyevin mağaza binasını açdığını gördüm.
Özümü saxlaya bilmədim, atamı öldürən şəxsin oğullarını görməyim mənə pis təsir etdi.
Cavanşirin mağazasına yaxınlaşdım. O, həyat yoldaşı Gülnarə ilə mağazanın içini təmizləyirdi".
"Mənim düçmənçilyim var"
Nəcəf Ədilov Cavanşir Şirəliyevin orada mağaza işlətməsinə etiraz edib: "Onlara dedim ki, bu qədər olan hadisələrdən sonra istəmirəm sən mənim gedib-gəldiyim yolun üstündə mağaza işlədib, gözümə görünəsən. Dedim ki, əgər mağaza işlətsən, bundan sonra özümə zəmanət vermirəm. Çünki iki gün əvvəl də yazılı bildirmişəm ki, əgər orda mağaza olsa, nə edəcəyimə cavabdeh deyiləm. Atamı o vəziyyətdə görmüşəm, ondan sonra aqressiyamı gizlədə bilmirəm.
Bunları deyəndən sonra Cavanşir cavab verdi ki, mənim sizinlə heç bir düşmənçiliyim yoxdur. Qayıtdım ki, sənin mənimlə düşmənçiliyin olmasa da, mənim sənə qarşı aqressivəm və səninlə düşmənçiliyim var".
"Qətli atan edib, səndə onun övladısan"
Nəcəf Ədilovun sözlərinə görə, atasının qatilinin övladlarının gözünə görünməməsini istəyib: "Dedim, bu qətli atan törədib, sən də onun övladısan. İstəmirəm, aramızda hər hansı münaqişə yaransın. Ona görə xahiş edirəm ki, mağazanı bağlayıb, buradan gedəsiz.
Cavanşir cavab olaraq bildirdi ki, buranı qardaşım Cahangir açıb, çağırım onunla danış. Buna ehtiyac olmadığını, mağazanı bağlayıb, getməsini istədim.
Mağazadan çıxmağa hazırlaşnda Cavanşir qardaşı Cahangirə zəng etdi. Ancaq nə danışdığını bilmədim. Onlar da mağazanı bağladı və sonra getdilər. Mən də evə yollandım".
"Söhbətin səbəbini biləcəyimi söylədi"
Nəcəf Ədilov qeyd edib ki, həmin vaxt əmisi Davud bağda mürəbbə bişirmək üçün əncir yığırmış: "Nənəm qardaşım ilə məni çağırdı, dedi ki, Cavanşirin mağazasının o tərəfində Hafiz adlı adamın mağazası var, ordan "pesok" alaq. Təxminən 08.30-da pulu götürüb, qardaşım Aqillə getdik.
Cavanşirin mağazasının yanını keçəndə qardaşı Cahangir maşını saxladı və məni yanına çağırdı. Ondan səbəbi soruşdum, mənim maşına oturmağımı, söhbəti edəcəyini söylədi. Ona "Mənimlə sənin nə söhbətin ola bilər" cavabını verdim.
Cahangir avtomobilə oturmağımı istədi, söhbətin səbəbini biləcəyimi söylədi. Mən də qabaqda Cahangirin yanında oturdum. Qardaşım arxa qapını açaraq oturmaq istədi, Cahangir qardaşıma dedi ki, sən qorxma, get, qardaşına heç nə eləmərəm. Mən də qardaşıma get dedim".
"Atamı öldürmüsüz, mənə də hədə-qorxu gəlirsən"
Nəcəf Ədilov deyib ki, qardaşı getdikdən sonra Cahangirdən deyəcəyi sözü gözləyib: "Cahangir də bildirdi ki, bura yaxşı deyil, başqa yerdə söhbət edək. Ona problem yoxdur, harada istəyirsən, söhbət etməyi məsləhət bildim. Cahangir maşını işə saldı, maşını fırladaraq biz tərəfdən olan yoldan deyil, kəndin o tərəfindən hərlədi və fırladaraq məni qonşuluqda hadisə olan həyətə gətirdi.
Maşını çöldə saxladı, avtomobildən düşməyimi, həyətə keçməyimi istədi. Ona həyətdə nə söhbət edəcəyimizi dedim. Cahangir "düş keçək, bilərsən", - deyə söylədi. Mən də "problem yoxdu, keçək deyirsən, keçək", ifadəsini işlətdim. Sonra avtomobildən həyətə düşdüm.
Həyətə keçən kimi Cahangir mənə dedi ki, atan da o vaxt sənin kimi dikbaşlıq edirdi, elə eləmə, səni də onun gününə salıb, atanın yanına göndərərəm.
Ona dedim ki, utanmırsan, mənə belə söz deyirsən, sənin övladın yaşındayam, atamı öldürmüsüz, hələ bir mənə də hədə qorxu gəlirsən".
"Səni də atanın gününə salarıq..."
Təqsirləndirilən şəxs əlavə edib ki, bu zaman qardaşı Aqil onu səsləyib və əmisi Davudun onları çağırdığını söyləyib: "Qardaşıma dedim ki, əmimə de, gələcəm. Qardaşım çöldən içəri girmədi. O gedəndən sonra Cahangirlə söhbətə davam etdim. Bir az keçmiş Davud əmim gəldi, qapıdan içəri keçən kimi qolumdan yapışdi və mənə: "Vicdansız, bu səndən böyükdü, sənin böyüyün yoxdu? Gəl, rədd ol keç belə, bu şərəfsizin nəyi ilə söhbət edirsən? Söhbəti var gəlsin biz böyükləri ilə eləsin", deyə bildirdi.
Dönüb gedən anda Cahangir "alçaq, şərəfsiz sənin var-yoxundur" dedi. Əmim dönərək, "mənimləsən?" deyə soruşdu. Bunu deyən kimi Cahangir dəmir götürərək qəfil əmimin alnından vurdu.
Əmim yerə yıxılan kimi özümü saxlaya bilmədim, cibimdə olan bıçağı çıxararaq Cahangiri vurdum".
"Atamın öldüyü yeri göstərdim"
Nəcəf Ədilov qeyd edib ki, sonra həmin dəmir parçasını götürüb və bir dəfə də Cahangirin başından vurub: "Zərbənin təsirindən Cahangir yerə yıxıldı. Bu vaxt əmimin qapının yanına tərəf sürünə-sürünə getdiyini gördüm. Bir onu düşündüm ki, atam kimi əmim də öldü. Fikrim o oldu ki, Cahangiri öldürüm. Həmin vaxt nə etdiyimi bilmədim, heç nə yadımda deyil.
Cahangiri öldürüb, qapıdan çıxanda gördüm kiçik əmim Natiq gəlir. Hər yeri qan idi, bıçaq da əlimdəydi.
Əmim məni görən kimi dizlərini yerə atdı, "sən neynəmisən", deyə soruşdu. Ona heç nə demədim. Əmim yenə soruşanda, atamın öldüyü yeri göstərdim, dedim ki, bax, buna görə elədim".
Təqsirləndirilən şəxs qeyd edib ki, əmisi Davudu xəstəxanaya, hadisə yerinə gələn polislər isə onu şöbəyə aparıblar. Polis şöbəsində əmisinin ölmədiyini bilib.
Digər təqsirləndirilən şəxslər - Natiq Ədilov və Davud Ədilov günahsız olduqlarını, bu qətli törətmədiklərini deyiblər.
Hökm və bəraət davası
Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırlıb.
Məhkəmənin hökmü ilə Natiq Ədilov 17 il, Davud Ədilov 16 il 6 ay, Nəcəf Ədilov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Natiq və Davud Ədilov qardaşları apelyasiya şikayətlərində göstəriblər ki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsi tərəfindən əməlləri sübuta yetirilməyib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Hər iki qardaşın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Ədilov qardaşlarının şikayəti təmin olunmayıb.