Kriminal aləmdə "Krıtı Araz" kimi tanınan Araz Fərəcov, Elməddin Şahbazovun, Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev, Eltən Əliyev və Xəyyam Qurbanlının CM-nin 177-ci (oğurluq), 181-ci (quldurluq) və digər maddəllərlə barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.
Median.Az xəbər verir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Araz Fərəcov və Elməddin Şahbazov 2016-cı ilin dekabr ayından əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə birgə mütəşəkkil dəstə təşkil ediblər. İttiham aktına əsaən, "Krıtı Araz" dəstə üzvlərinə həbsxanadan göstərişlər verib. Dəstə üzvləri paytaxtda və regionlarda oğurluq və quldurluq cinayətləri törədiblər.
2017-ci aprelin 14-də DTX əməkdaşlarının əməliyyat tədbiri zamanı Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev saxlanılaraq. Onlar dindirilərkən, Araz Fərəcov tərəfindən idarə olunduqlarını bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov və Elməddin Şahbazov 10 il, Vüqar Musayev və Renat Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Namiq Babayevə 1 il 2 ay cəza verilib, o həmin müddəti istintaq və məhkəmə mərhələsində çəkdiyindən azadlığa buraxılıb.
Hökmdən apellyasiya protesti verən prokuror məhkumların cəzalarının ağırlaşdırılmasını xahiş edir.
Bakı Apellyasiya Məhkəməsində yaxın günlərdə iş üzrə hazırlıq iclasının keçiriləcəyi gün məlum olacaq.