Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Vüqar Əsgərovu saxlayıblar. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və 10 ədəd metadon həbləri götürülüb. Onun Sabunçu qəsəbəsindəki yaşadığı evdə əlavə olaraq 1 kq. heroin, 118 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.
Bundan başqa, Astara RPŞ-nin əməkdaşları şərti alıcıya 5 qram tiryəki satarkən şəhər sakini, əvvəllər məhkum olunmuş Fariz Məmmədovu saxlayıblar. Şəxsi axtarış zamanl ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kq 400 qram tiryək aşkar ediblər.
Masallı RPŞ-nin əməkdaşları Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, yaşadığı evdən 460 qram marixuana, Ucar RPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətindən 13 ədəd çətənə kolu, evində isə 465 qram marixuana aşkar ediblər, Tərtər RPŞ-nin əməkdaşları Sarıcalı kənd sakini Elsevər Rzayevin evində 3 kq 700 qram marixuana, həyətində isə 18 ədəd çətənə kolu aşkar ediblər, Bərdə RPŞ-nin əməkdaşları əvvəllər məhkum olunmuş Teyyub Nuruşovun Uğurbəyli kəndindəki evinin həyətyanı sahəsindən 12 ədəd çətənə kolu aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.