Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini bıçaqlamaqda ittiham olunan Aytən Abasovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Median.Az“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Abasova Aytən İlqar qızının məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir.
Sübh tezdən çörək almaq üçün yaxınlıqdakı mağazaya üz tutan Məryəm “Füzuli meydanı”nda rəfiqəsi ilə rastlaşır. 17 yaşlı Aytən “Son zəng”ə getmək üçün məktəbə sarı istiqamət alsa da, Məryəmi görüncə fikrindən daşınır. Lakin rəfiqələr arasında yaşanan ani anlaşılmazlıq sonda birini xəstəxanalıq, o birini isə həbsxanalıq edir...
Hadisə 2014-cü ildə səhər saatlarında Yasamal rayonu, Füzuli meydanında yerləşən fəvvarənin qarşısında baş verib. Yetkinlik yaşına çatmayan Aytən Abasova aralarında yaranmış narazılıq zəminində tanışı Məryəm Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub.
Yaralı xəstəxanaya çatdırılıb. A.Abbasova ertəsi gün saxlanılıb, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Üç il istintaqdan yayınıb. 2017-ci ildə isə A.Abasovaya qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.
Təqsirləndirilən Aytən Abasova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində valideynləri boşandıqdan sonra anasının himayəsi altında böyüdüyünü, 2016-cı ildə Nizami rayon məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunaraq 6 ay müddətinə islah işləri cəzasına məhkum olunduğunu göstərib:
“Məryəmi 2013-cü ildən “Beşmərtəbə” adlanan ərazidəki çayxanadan tanıyıram. Tez-tez orada görüşür, boş vaxtımızı keçirirdik. Hadisə baş verən gün səhər saatlarında evdən çıxıb “Beşmərtəbə”yə gəldim. “Füzuli” meydanındakı fəvvarənin qarşısında Məryəmi gördüm, “Malakan bağı”na getməyi təklif etdim, razılaşmadı. Bir azdan Aynur adlı rəfiqəsi onun yanına gəldi. Məndən ayrılıb onunla birlikdə şaurma yeməyə getdilər. Qayıdıb gələndən bir qədər sonra Aynur sağollaşıb getdi. Bundan sonra Məryəmlə aramızda sözlə mübahisə düşdü. Məryəm mənə “öz-özünə tutuquşu kimi danışırsan” dedi. Əsəbləşib təpiklə başından vurdum. Valideynlərimin ünvanına nalayiq söyüşlər söydü, daha da qəzəbləndim. Saçlarından tutub dartdım, üstümdəki qatlanan bıçağı çıxarıb qarnından vurub qaçdım”.
A.Abasova küçədən keçənlərdən birinə yaxınlaşıb rəfiqəsinin yaralandığını, təcili yardıma zəng vurmasını xahiş edib.
Hadisədən bir gün sonra onu Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparıblar. Həm istintaq, həm də məhkəməyə verdiyi ifadəsində A.Abasova narkotik vasitə istifadəçisi olmadığını, hadisə baş verən gün Məryəmdən pul tələb etmədiyini göstərib:
“Ondan pul istəməmişəm. Mən narkotik istifadəçisi deyiləm. Həmin vaxt valideynlərimi söydü, özümü saxlaya bilməyib bıçaqla vurdum. Polisdən qorxduğuma görə də qaçdım".
Zərərçəkmiş, ikinci qrup əlilliyi olan Məryəm Məmmədova ifadəsində hadisə baş verən gün çörək almaq məqsədilə mağazaya getdiyini, “Füzuli” meydanından keçərkən rəfiqəsi Aytənlə rastlaşdığını göstərib:
“Aytən mənə 25 manat pulu olduğunu, narkotik almaq üçün 5 manatı çatmadığını dedi, pul istədi. Dedim, üstümdə cəmi 5 manat var, vermirəm, özümə lazımdır. Əl çəkməyib, pul tələb etdikdə mübahisəmiz düşdü, anamı söydü, mən də onu söydüm, təpiklə sifətimdən vurdu, saçımdan tutub yerə yıxdı, bıçaqla vurub qaçdı. Təxminən 15-20 dəqiqədən sonra hadisə yerinə təcili yardım gəldi, məni Kliniki Tibbi Mərkəzə apardılar, orada əməliyyat olundum”.
Şahid qismində dindirilən Arzu Süleymanova ifadəsində həyat yoldaşından rəsmi boşandıqdan sonra övladları ilə birgə Yasamal rayonu, M.Sübhi, 85 ünvanında yaşadıqlarını göstərib:
“Aytən heç yerdə işləmirdi. Boş vaxtlarını dost-tanışları ilə keçirirdi. Mayın 30-da Aytən oxuduğu məktəbdə son zənglə bağlı tədbir olmalı idi. Ona görə də səhər tezdən evdən çıxıb məktəbə sarı getdi. Həmin gün saat 16-17 radələrində evə gələndə tanışı Məryəmi bıçaqla vurduğunu dedi. Aytənlə birlikdə xəstəxanaya - Məryəmə baş çəkməyə də getmişdik”.