Ali Məhkəmədə Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.
R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.