Dəyəri 2 milyon manatdan artıq olan narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən şəxsin məhkəmə istintaqı yekunlaşıb. Saxlanılan şəxsin evindən 40 kiloqrama yaxın narkotik vasitələr aşkarlanıb.
Ölkə.Az xəbər verir ki, Bəhruz Beybutov bu ilin fevralında Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bəhruz Beybutovun yaşadığı evdən və üzərindən külli miqdarda narkotik vasitə aşkar edilib.
Ona qarşı Cinayət Məcəlləsinin (CM) bir neçə maddələri ilə cinayət işi başlanılb. İstintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin istintaqı hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.
Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.
“Dərinliyinə getsək, bəlkə də mən bu zaldan aç-burax gedərəm. Günah eləmişəm. Günahım nədirsə, iki qatını çəkməyə hazıram. Amma 206-cı maddə ilə razı deyiləm”.
Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkməyə hazır olduğunu deyən Bəhruz Beybutov qaçaqmalçılıqla məşğul olmadığını deyib. İfadəsi zamanı dediyinə görə, qohumlarının yarısı həbsdədir.
“Qohumlarımdan həbsxanada olan çoxdur - əmilərim, əmim uşaqları. Narkotik maddə ilə tutulan da var, başqa maddələrlə cəza çəkən qohumlarım da”, - o deyib.
Şahid ifadələrindən sonra məhkəmə çıxışları başlayıb. Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsi elan olunan ittihamla təqsirli bilərək 17 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Vəkil müdafiə etdiyi şəxsə CM-nin qaçaqmalçılıq maddəsi ilə bəraət verilməsini məhkəmədən xahiş edib.
Bəhruz Beybutov son sözündə dövlət ittihamçısının ona ağır cəza istəməsinə narazılığını bildirib:
“Mənə 17 il iş istəyirsiniz. Mən adam öldürməmişəm. Kiminsə balasını öldürməmişəm. Mən məhkəmənin ədalətli qərar çıxaracağına əminəm”.
Sonda məhkəmənin hökmü ilə Bəhruz Beybutov 15 il müddətinə azadlıqdan məhrum olunub.