Bərdədə odlu silahla havaya atəş açan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində baş verən insident barədə məlumat daxil olub.
Hadisə zamanı kənd sakini Ə.Nəsirov Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi VAZ-21102 markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçıb.
Daha sonra Ə.Bağırov avtomobilin yük yerində olan avtomat silahı götürüb Ə.Nəsirovun həyətinə gələrək orada havaya atəş açıb və oranı tərk edib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan AK markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.