Ötən gün Bakıda polis əməkdaşının həyat yoldaşını polis bölməsində güllələyərək öldürməsi cəmiyyətdə ajiotaj yaradıb.
Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı öldürüb.
27 yaşlı qadın aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib. Bəs bu cinayəti törədən polis əməkdaşını hansı cəza gözləyir?
Əvvəlcə bildirək ki, hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) əsasən, həmin şəxsi on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.