Ağsu rayon sakini olan bir qadın Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayonun Yeni Şıxımlı kəndi ərazisində tanımadığı dörd şəxsin onun əl-qolunu tutaraq, zor tətbiq etməklə çantasından bir ədəd mobil telefonunu və 83 manat pulunu apardıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törətməkdə şübhəli bilinən Yeni Şıxımlı kənd sakini əvvəllər məhkum olunmuş Loğman Şıxaliyev və Amil Səmidov, Saməddin Həmidov və bir yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq tamah məqsədilə qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Faktla Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.