Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər rayon sakini saxlanılıb.
Onlardan, ümumilikdə, 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Quliyev saxlanılıb.
Keçirilən baxış zamanı onun yaşadığı evin həyətində əkərək kultivasiya yolu ilə yetişdirdiyi, yaş halda çəkisi 44 kiloqramdan artıq olan 170 ədəd narkotik xassəli çətənə kolları, həyətdəki yardımçı tikilidə gizlətdiyi bir ədəd bağlamada isə 4 kiloqram 685 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qardaşlar saxlanılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan Lənkəran şəhər sakinləri Rustam Rəhmənov və qardaşı Elşən Rəhmənovun üzərindən, ümumilikdə, 2 kiloqramdan artıq heroin, 500 qrama yaxın metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər rayon sakini – Taleh Əmrahov, Elvin Xəlilov, Emin Rzayev, Nəsib Mirverdiyev, Artur İbrahimov, Şöhrətdin Babayev, Polad Cavadov, Vüqar Əliyev, Etibar Əliyev və Mərdan Xuriyev saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin, həmçinin elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.