Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var.
Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik.
Mətbuatda bununla bağlı qısa məlumat dərc edilib.
Oxu.Az olaraq məhkəmə istintaqının materiallarına istinadən ərin barışmaq istədiyi arvadına qarşı xüsusi qəddarlıq aktı həyata keçirməsini göstərəcəyik.
Cinayətin baş vermə anı barədə yazacağıq, hələlik isə cütlüyün aralarında yaranan münaqişənin köklərini izah etməyə çalışaq.
Həyat yollarının rəsmi təməli 2005-ci ilin 7 oktyabrında qoyulan bir ailə... İlk zamanlarda hər şey yaxşı gedir, nikahdan üç övladları dünyaya gəlir.
Həyat yollarında hələ ki, keşməkeşlər yoxdur, yoxuşlar mövcud deyil, sabit və xoşbəxt tempdə davam edir. Ər K. (şərtidir) 2009-cu ildə Nəqliyyat Nazirliyində işə düzəlir, 2015-ci ilə qədər qurumda baş məsləhətçi işləyir. Lakin Nəqliyyat Nazirliyi ləğv edildiyindən o, işindən azad olunur. İş karyerasındakı büdrəmə isə onların maddi durumuna mənfi təsirlər edir, ər arvadı ilə razılaşır, Biləcəri qəsəbəsindəki evlərini satırlar və onlar kirayədə yaşamağa başlayırlar.
Ailə maddi sıxıntılar məngənəsində çırpınır, ər isə anası və bacısından aldığı pullarla keçinir, ehtiyaclarını ödəmək müşkülə çevrilir.
Ailə büdcəsinin boşalması, maddi problemlərin körüklənməsi ər-arvad arasında bir-birinə qarşı aqressiyanı da qidalandırır. Artıq ər arvadının seçdiyi peşəyə hörmətsizlik etməyə başlayır, xanımının müğənni olmaq arzusunu həzm edə bilmir.
Arvad Ş. isə yorucu və bezdirici ailə münaqişəsindən qurtulmaq üçün övladlarını götürüb atası evinə gedir.
Proseslərin gedişatı adi küsüb-barışmaq çərçivəsindən çıxır, vəziyyət o yerə çatır ki, Ş. iki dəfə - 2016 və 2017-ci ildə boşanmaq üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırır.
Hər iki halda ərlə arvad arasında barışıq olur, ər deyir ki, bundan sonra səni toylara özüm aparacağam. Razılaşırlar, müğənni Ş. müxtəlif tarixlərdə bir neçə şadlıq sarayında mahnı oxuyur, bununla da pul qazanır.
Ərlə arvad yenidən xoş güzəran keçirirlər, ancaq bu ailəyə münasibətdə deyə bilərik ki, yaxşı günün ömrü az olurmuş.
İstintaq materiallarına əsasən, müğənni xanımının hər hansı kişi həmkarı ilə şəkillər çəkdirməsi əri özündən çıxarır.
Ərin qulağına çatır ki, şadlıq evlərinin sahibləri arvadına ev və maşın hədiyyə etmək istəyir, əvəzində isə Ş-ya intim münasibət təklif edirlər. Bu məlumatlar ərlə arvad arasında mübahisələri gərginləşdirir. Hətta K arvadına icazə vermir ki, o, “Instagram” sosial şəbəkəsində özünə hesab açsın.
Ərlə arvad əsəb və stressli üç il keçirirlər, 2020-ci ilin iyununda ailədəki dava yenidən Ş-nın ata evinə getməsi ilə nəticələnir.
Ər hər gün arvadının qaldığı Xırdalan şəhərinə gedir, Ş.-ya barışıq təklif edir, lakin arvadı ona uzadılan sülhpərvər niyyəti geri çevirir.
Bu zaman ərin beynini arvadının ona xəyanət etməsi şübhələri gəmirir, Ş.-nın başqa kişilərlə ünsiyyət saxlaması ehtimalları onun fikirlərində özünə möhkəm yer edir.
Əri üçüncü boşanma sürprizi gözləyirmiş, 2020-ci ilin sentyabrın 7-də onun nömrəsinə məhkəmə iclasında iştirak etmək üçün sms gəlir.
Arvadının xəyanət etməsindən şübhələr belə K.-nın Ş. ilə barışıq cəhdinə mane olmur, lakin xanım müğənninin boşanmaq fikri qətidir.
“Boğulan saman çöpündən də yapışar” deyirlər, ər də mənəvi dünyasındakı burulğanları sakitləşdirmək üçün son ümidini reallaşdırmağa çalışır.
Ancaq sən demə şüuraltında ehtiyat variant – B planı da mövcud olub. Bu isə şüurunun dərinliyində gizlənən qətl planıdır.
Ər qərara alır ki, arvadı ilə barışmaq üçün son cəhdini əsirgəməsin, onun müğənni kimi fəaliyyət göstərməsi üçün münasib obyekt axtarışına çıxır. Onun nəzərində uyğun restoran tapır.
Ər arvadına yüksək maaş veriləcəyi təəssüratını yaratmaq üçün restoranın administratoru ilə danışıqlara girməyi hədəfləyir. K. administratorla belə razılaşmaq niyyətində imiş ki, restoranın onun arvadına yüksək məbləğ verəcəyini desin. Ər Ş.-ya hansı məbləğdə pul vermək təklif edilərsə, dəyərindən artıq olan xərcin ödənməsini öz üzərinə götürməyi planlayırmış.
2020-ci ilin sentyabrın 2-də ər administratora zəng edir, yaxşı bir müğənni olduğunu deyir, bunun üçün onlardan görüş istəyir.
Administrator razılaşdıqdan sonra K. qızı ilə danışır, deyir ki, anasına saat 9-a işləmiş hazır olmasını çatdırsın. Ər həyat yoldaşını götürməyə gedərkən övladlarına da hədiyyələr almağı unutmur.
K restoranda olarkən administratora vəziyyəti izah edir, pulla bağlı planını ona açıqlayır. Nəhayətdə administrator razılaşır, müğənninin ifasını dinlədikdən sonra isə bəyəndiyini deyir.
K arvadı üçün əlavə iş yeri tapdığını da deyir, söhbət Novxanı kəndində dəniz kənarında yerləşən digər bir restorandan gedir.
Ər həmin restorana gələrək mühafizəçidən administratorun işdə olub-olmadığını soruşur. Həmin şəxs administratorun işdə olmadığını dedikdə, Ş.-nı məyus etməmək, həm də özünü fədakar, yəni Ş-nın işə düzəlməsi üçün əlindən gələn hər şeyi edən ər kimi göstərmək üçün anasının dayısının nəticəsi olan C.-ya zəng edir.
15-20 dəqiqə sonra zəng etməsini, Ş.-nın yanında olacağını, danışıq zamanı özünü həmin restoranın administratoru kimi qələmə verməsini, onun danışdıqlarına uyğun cavablar verməsini, işdə olmadığını, növbəti günlərdə işlə bağlı danışıq aparmaq üçün əlaqə saxlayacağını bildirməsini və bu haqda məsələni daha sonra izah edəcəyini deyir.
C. da etiraz etmədən razılaşır. Bir neçə dəqiqə sonra C. zəng edir. Hər şey, o cümlədən telefon danışığı plan üzrə gedir.
Vəziyyəti yoluna qoyduğunu düşünən ər arvadına birlikdə yemək yeməyi təklif edir. Xanım da razılaşır, onlar motelə yollanırlar.
Ərlə arvad yeyib-içirlər, lakin köhnə söhbətləri də qurdalayırlar. Ş. əvvəlki mübahisələrindən danışarkən özünü haqlı çıxarmaq istəyir, ər də onun bütün iradlarına dözür, heç bir etiraz etmir.
Ərlə arvad keçmişdəki xoş günləri yada salırlar, moteldə bir yatağa baş qoyurlar və cinsi əlaqədə olurlar.
İstintaq materiallarına əsasən, Ş. spirtli içkinin təsirindən ərinə “mənim erotik şəkillərimi və videomu görsən nə hiss keçirərsən”, - deyə sual verib, lakin heç bir cavab almayıb.
Ardınca Ş. ona “mən rəfiqəmlə, sən də öz yaxın dostunla bir yerdə olmağımızı istəyərsən?” sualını verir, əri isə cavabında “gic-gic danışma” deyir.
Cinsi əlaqədən sonra ərlə arvad arasında yenidən mübahisə yaranır, səbəb isə bu idi ki, K. öz şərtlərini açıqlamışdı, həyat yoldaşı isə buna razı deyildi.
Dərinləşən mübahisə zamanı Ş. ərinə başqa kişi ilə münasibətdə olduğunu bildirir. Ərinə deyir ki, onun heç bir işinə qarışa bilməz. Boşandıqları təqdirdə isə uşaqlarından ikisini özünə götürəcəyini deyir, üçüncü uşağın atasının K. olmadığını deyir.
Həngamə qopur, ər arvadından kiminlə münasibətdə olduğunu açıqlamasını tələb edir. Ər arvadının çantasına əl atır, məqsəd isə onun telefonuna baxmaq imiş. Arvadı üzərinə gəldikdə isə ər əli ilə onun sinəsindən itələyərək stula oturdur.
Gecə saat iki radələri... Ş. getmək istədiyini dedikdə ər ona mane olur, xanım müğənni masa üzərindəki bıçağı götürüb ərinə hücum edir, ər özünü müdafiə edərkən əli kəsilir, ancaq bıçağı arvadının əlindən alır.
Ər isə israrla üçüncü uşağın kimdən olmasını öyrənmək istəyir, lakin Ş. da açıqlamayacağını qəti şəkildə bildirir, hətta ərini təhqir edir.
Ər hisslərini cilovlaya bilməyərək arvadının əlindən aldığı bıçaqla bir dəqiqə ərzində ona 18 zərbə endirir.
Arvadının qan içində inildədiyini, can verdiyini görən ərin qatil hissləri humanizmlə əvəzlənir, onu xəstəxanaya çatdırmaq istəyir, ancaq ona gücü çatmır.
Çıxılmaz vəziyyətdə olduğunu görən ər hadisə yerindən qaçır. O, sonradan polisə özü təslim olur.
K. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 9 aprel tarixli hökmü ilə 18 il azadlıqdan məhrum edilib...