Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Baharlı kənd sakinləri Hadı Xəlilov və oğlu, Gündüz Xəlilov saxlanılıblar.
Onların yaşadıqları fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilidən təmiz çəkisi 3 kiloqram 880 qram olan qurudulmuş marixuana və yaş çəkisi 50 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 94 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq Qrupunda araşdırmalar aparılır.