Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə şəhərində azyaşlı qızın zorlanması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a məlumat verib ki, qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar komitə tərəfindən araşdırılıb:
“Ötən gün komitənin Ağdam uşaq və ailələrə dəstək mərkəzinin psixoloqu, Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqından danışılıb. Daha sonra onlarla fərdi qaydada söhbət aparılıb. Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu, ətrafda olan insanlar tərəfindən hər hansı bir kobud rəftar görmədiyi və psixi-sosial dəstəyə ehtiyacı olmadığı bildirilib”.
T.Mərdanoğlu qeyd edib ki, azyaşlının atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüz edən şəxsin qanun qarşısında cavab verməsidir:
“Aidiyyəti qurumlar tərəfindən əlaqələnmiş fəaliyyət davam etdirilir”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iyunun 15-də Bərdədə azyaşlının zorlanması barədə məlumatlar yayılıb.
Ailə iddia edib ki, dövlət qurumları məsələni araşdırmır.