Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Eyvazov saxlanılıb.
Ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış bir ədəd tapança, içərisində səkkiz ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.