Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
“Report”un xəbərinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236 min manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 min manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.
Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8 min manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.
Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.