Azərbaycanın sərhəd keçid məntəqələrində nəqliyyat vasitələrinin çox qalması məsələsinə aydınlıq gətirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev Azərbaycanın Gürcüstandan fərqli olaraq, sərhəd-keçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verdiyini deyib.
O qeyd edib ki, Gürcüstan sərhəd-keçid məntəqələrində fiskal siyasət həyata keçirir:
“Bəzən deyirlər ki, niyə Gürcüstan sərhəddindən bir dəqiqəyə keçmək olur, amma bizdə yubanmalar olur?! Səbəb budur - biz təhlükəsizliyə üstünlük veririk və bu da müəyyən vaxt alır”.
İ.Babayev qeyd edib ki, DGK qeydiyyat jurnalında hansısa avtomobil barədə məlumatı ləğv etmək üçün dörd nazirlikdən icazə alır və bu proses 3-4 ay çəkir:
“Biz bir gecədə 27 jurnal, 18 sənəd ləğv etmişik. Əgər əvvəl sərhəd-keçid məntəqəsindən 283 min maşın keçirdisə, bu gün bu rəqəm 1356 minə qalxıb.
Əgər avtomobil 60 dəqiqədən çox sərhəd keçid məntəqəsində qalırsa, avtomatik olaraq buna reaksiya verilir və izahat tələb olunur”.