BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan hökuməti ilə birgə 2021-2025-ci illər üçün yeni əməkdaşlıq proqramının hazırlanmasını başa çatdırır.
Bunu Trend-ə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisindən bildiriblər.
Təşkilatın nümayəndəsinin sözlərinə görə, yeni proqramda seçilən prioritetlər ölkə üçün öncül hesab olunan istiqamətlər üzrə olacaq:
“Bura kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, balıqçılıq və təbii ehtiyatlardan dayanıqlı istifadə daxildir. Bundan başqa, FAO qeyd olunan istiqamətlər üzrə əvvəlki illərdə başlamış layihələrdə işlərini davam etdirəcək”.
Təşkilatdan onu da bildiriblər ki, qurumun əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının idxalından asılılığın azaldılması, ixracın stimullaşdırılması, eləcə də təbii ehtiyatların daha səmərəli istifadəsidir.