Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onlayn formatda davam etdirilir.
Proqram çərçivəsində cari ilin 17 avqust - 8 oktyabr tarixlərində virtual ixtisasartırma kursu keçirilib. Təlimdə Azərbaycandan 8 nəfər olmaqla, ümumilikdə Belarus, Gürcüstan, Qazaxstan və Qırğızıstandan sahibkar və menecerlər iştirak ediblər.
Oktyabrın 8-də ixtisasartırma kursunun yekunlarına həsr olunmuş onlayn konfrans keçirilib. Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov Azərbaycan-Almaniya birgə proqramının partnyor ölkələr üçün əhəmiyyətini qeyd edib, konfrans iştirakçılarına təcavüzkar Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlar barədə məlumat verib. Vurğulanıb ki, Ermənistan bu ilin sentyabrın 27-dən növbəti dəfə Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. İşğalçı ölkənin əsas hədəfi mülki əhali və obyektlərdir. Ölkəmizin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquq çərçivəsində apardığı əks-hücum əməliyyatı Azərbaycanın öz ərazisində həyata keçirilir.
Tədbirdə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin, GİZ-in, Köln şəhərində yerləşən Karl Düysberq Tədris Mərkəzinin nümayəndələri ixtisasartırma kursunun nəticələri barədə məlumat verib, proqram iştirakçıları isə kurs müddətində keçdikləri təlimlər, alman şirkətləri ilə təşkil olunmuş görüşlər və qurulmuş işgüzar əlaqələr barədə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyada ödənişsiz ixtisasartırma kursunda iştirak edir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar. İndiyədək proqram çərçivəsində 450 azərbaycanlı sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.