COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.
"Report"un məlumatına görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.
Qeyd olunub ki, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə-gəmisi ilə yola salınıb.
Xatırladaq ki, mayın 20-də 35 Qazaxıstan vətəndaşı və 8 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.
Cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.