Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.
AZƏRTAC ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, Gürcüstan əvvəlcə həm idxal, həm də yerli mənbələrdən 2,573 milyard kubmetr təbii qaz almağı planlaşdırırdı. Lakin, yeni proqnozlarda bu rəqəm 2,57 milyard kubmetr nəzərdə tutulub.
Gürcüstan ilkin proqnoza əsasən, Azərbaycandan 2,385 milyard kubmetr qaz idxal etməyi planlaşdırırdı. Bu həcmin 1,511 milyard kubmetri SOCAR-ın, 874 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşürdü.
Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə “Şahdəniz”dən əldə ediləcək.
Digər bir dəyişiklik Gürcüstanın Rusiyadan alacağı təbii qazla bağlıdır. Belə ki, cari ildə Gürcüstanın Rusiyadan 170 milyon kubmetr təbii qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu rəqəm 200 milyon kubmetrə qədər artırılıb.