“Lisenziyası geri çağırılan dörd bankın sektorda payı əhəmiyyətli deyildi. Bu pay cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Həmin bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dörd bankın maliyyə portfelinin keyfiyyəti qeyri-qənaətbəxşdir:
“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 milyon manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 3/4-ü işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır”.
“Açıq demək lazımdır ki, banklar bu əmanətləri geri qaytarmaq iqtidarında deyildi. Prezident İlham Əliyev tərəfindən imzalanan əmanətlərin tam sığortalanması haqqında qanunun mövcudluğu imkan verir ki, bağlanan banklarda əhalinin qorunan əmanətləri geri qaytarılsın”, - deyə o qeyd edib.