“Vergi Məcəlləsində edilən güzəştlər artıq pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə verilən güzəştlərdir. Qanunda həmin sahələrin adı verilməklə, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması dövründə yeni fəaliyyət sahələri əlavə edilərsə, onların da bu güzəştlərdən faydalanması nəzərdə tutulub”.
Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, qanun layihəsinə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad edilir:
“Həmin sahibkarlara, 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulur. Mənfəət vergisi ödəyicilərinin 2019-cu ilin nəticələrinə görə mənfəət vergilərinin də ödənilməsi martın 31-dən sentyabrın 1-dək təxirə salınır.
Mikrosahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bu gün onlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilir”.
“Sadələşdirilmiş verginin xüsusi növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilmiş vergi 8 faizdən 4 faizə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə müəyyən olunan sadələşdirilmiş verginin dərəcəsinin 50 faiz aşağı salınması nəzərdə tutulur.
Bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilir.
Bu vergi güzəştləri ilə yanaşı, fəaliyyət sahələrinə dəstək tədbirləri də var”, - deyə Samirə Musayeva qeyd edib.