Aparılan danışıqlardan görünən odur ki, OPEC+ tərəfindən gündəlik neft hasilatını elan edildiyi kimi, 10 milyon barel yox, əslində 20 milyon barel azaltmaq məqsədi qarşıya qoyulub.
Median.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.
“Buna bənzər nəsə baş versə, dünya da COVID-19 fəlakətindən dönüb işlərinə qayıtsa, enerji sənayesi əvvəlki kimi, indi güman etdiyimizdən xeyli güclü olar. Bu böyük işləri yoluna qaytarmaq üçün mənimlə bir yerdə çalışan hər kəsə, xüsusilə də Rusiyaya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm”, - ABŞ lideri qeyd edib.
Xatırladaq ki, bazar günü OPEC+ formatının iştirakçı ölkələri hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən cari ilin may-iyun ayları üçün 23% (9,7 milyon barel), ilin sonunadək 18% (7,7 milyon barel), 2022-ci ilin 30 aprel tarixinədək 14% (6 milyon barel) azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmağı 11 milyon barel səviyyəsindən hesablayacaq. Həmçinin hasilatı cəmi 100 min barel/gün azaldacaq Meksikaya düşən kvotanın qalan hissəsini ABŞ qarşılayacaq.