Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2020-ci ildə dünyada neftə gündəlik tələbatın artım proqnozunu 230 min barel azaldaraq 990 min barelə endirib.
“Report” bu barədə təşkilatın fevral hesabatına istinadən xəbər verir.
Məlumata görə, proqnoza düzəliş Çində yayılmış koronavirusla əlaqədardır. Bu ilin I yarısında Çinin neftə gündəlik tələbatının 200 min barel, qlobal tələbatın isə 400 min barel azalacağı gözlənilir. Azalmaya səbəb kimi isə əsasən təyyarə yanacağına tələbatın azalması göstərilir.
Xatırladaq ki, OPEC 2019-cu il üçün də gündəlik tələbatın artımına dair proqnozu 20 min barel azaldaraq 910 min barelə endirmişdi. Beləliklə, dünyada neftə tələbatın həcmi ötən ilki 99,74 milyon barelə qarşı cari ildə 100,73 milyon barel səviyyəsində gözlənilir.
Həmçinin OPEC-ə üzv ölkələrdə 2020-ci il üçün tələbata dair proqnoz 200 min barel azaldılaraq 29,3 milyon barelədək endirilib. Bu da ötən ilə nisbətən gündəlik 1,3 milyon barel azalma deməkdir.
Qeyri-OPEC ölkələrində neft təklifinin artımına dair cari il üçün proqnoz 100 min barel azaldılaraq 2,25 milyon barelədək endirilib. Ötən ilə dair təklifin artımına dair proqnoz isə əvvəlki hesabata nisbətən 20 min barel artırılaraq 1,88 milyon barelə çatdırılıb. Bununla yanaşı, Kanada, ABŞ, Qayana, Braziliya, Avstraliya, Norveç kimi ölkələrdən neft ixracının artacağı gözlənilir.