“Şəfəq-Asiman” üzrə kəşfiyyat qazma layihəsi “Şəfəq-Asiman” kontrakt sahəsinin daxilində kəşfiyyat quyusunun (SAXO1 adlanan) qazılmasından ibarətdir. Quyunun qazılması ilə əlaqədar planlaşdırılan fəaliyyətin həyata keçirilməsinə icazə almaq üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatı hazırlanaraq, cari ilin avqust ayının 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.
Bunu BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
O bildirib ki, BP hökumətin icazəsini gözləyir:
“Təxminən oktyabr ayında hökumətdən layihənin icrasına başlanılması üçün cavab gözləyirik. Müsbət cavab verilərsə, quyunun qazılmasına başlanılacaq.
SAXO1 kəşfiyyat quyusu “Şəfəq-Asiman” kontrakt sahəsində Bakıdan təxminən 125 kilometr cənub-şərqdə, suyun 624 metr dərinliyindəki sahədə qazılacaq. Qazmanın cari ilin 4-cü rübündə başlanılması və qazma fəaliyyətlərinin tamamlanması üçün 12 aya qədər müddətin lazım olduğunu bildirmişik.
SAXO1 quyusunun qazılmasının məqsədi isə kollektorun bu hissəsində karbohidrogenlərin olub-olmadığını təsdiqləməkdir.
SAXO1 quyusu vasitəsilə dəniz səviyyəsindən təqribən 6000-7000 metr dərinlikdə potensial karbohidrogen kollektorunun açılması planlaşdırılır”.
Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir.
Müqavilədə şirkətlərin hər birinin payı 50 faizdir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.
/oxu.az/