İngiltərənin "Mançester Yunayted" klubunun heyətində sağlam müdafiəçi qalmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə Premyer Liqasının 36-cı turunda baş tutan "Kristal Pelas"la oyunda Harri Maquayr da zədələnib. Futbolçunun qalan matçlarda meydana çıxa bilməyəcəyi açıqlanıb. Maquayrdan sonra Mançester təmsilçisinin sağlam müdafiəçisi qalmayıb.
Qeyd edək ki, Rafael Varan və Conni Evans əzələ zədələri səbəbindən oynamır. Lisandro Martines aprelin əvvəlində bud nahiyəsində yaranan gərginlik səbəbindən məşqlərə qoşula bilmir. Viktor Lindelöf da eyni nahiyədən zədə alıb.
Digər müdafiəçi Villi Kambval aprelin sonlarında zədələnib. "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq daha əvvəl bu mövqedə yarımmüdafiəçi Kazemironu oynatmışdı.