Bu gün Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Rəqib Gürcüstanın paytaxtı Tbilisini təmsil edən “Dinamo” klubudur.
Bakı vaxtı ilə 20:00-da başlayacaq qarşılaşma “Boris Payçadze adına Dinamo Arena”da keçiriləcək.
Tərəflər buna qədər heç bir rəsmi turnirdə üz-üzə gəlməyib. Yeddi illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “ağ-qaralar” bu oyunda qələbə qazansa, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” kollektivi ilə qarşılaşacaq.
Qarşılaşmada məğlub olacaq tərəf gücünü Konfrans Liqasında sınamalı olacaq.
Oyunda baş hakim funksiyasını İsraildən olan David Fuksman yerinə yetirəcək.
Bundan başqa, bu gün “Qarabağ” klubunun sabiq hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı da Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxacaq. Polşa təmsilçisi bu mərhələdə Norveçin “Budyo-Qlimt” ilə üz-üzə gələcək.