Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.
Püşkatma mərasimində Azərbaycan Premyer Liqasının üç klubunun – “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin rəqibləri bilinəcək.
Mərasim Bakı vaxtı ilə 15:30-da başlayacaq.
UEFA püşkdən əvvəl komandaları qruplara bölüb. I səbətdə yer alan “Sumqayıt”ın mümkün rəqibləri Kiprin “Apollon”, İsrailin “Hapoel” (Beer-Şeva), Serbiyanın “Çukariçki”, Rumıniyanın “Styaua” və Ukraynanın “Vorskla” klublarıdır.
II səbətdəki “Keşlə” Kiprin AEL, Türkiyənin “Sivasspor”, Rusiyanın “Soçi”, Qazaxıstanın “Astana”, İsrailin “Makkabi” (Təl-Əviv) klublarından biri ilə görüşəcək.
VI səbətdəki “Qarabağ” isə nisbətən zəif komandalarla qarşılaşmaq şansına malikdir. Ağdam təmsilçisi “Velej” (Bosniya və Herseqovina) – “Kolreyn” (Şimali İrlandiya), “Payde” (Estoniya) – “Şlyonsk” (Polşa), “Laçi” (Albaniya) – “Buduçnost” (Monteneqro) cütlərinin qalibi və İsrailin “Aşdod”, həmçinin Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klublarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.